Dr.Hayale Zerrabkızı "Sana mektub yazacağım", "Ay Laçın, can Laçın" kitablarının müellifi, hem Azerbaycanda, hem de Türkiyede şiirleri büyük sevgi ve ilgi gören Huraman hanım Muradovanın İnsanı kamilliye aparan, ruhunu arındıran edebi yaratıcılığı hakkında yazdı.
Üzü Tanrı təcəllası, sözləri Haqqın sədası...
Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Hüseyn Cavid əfəndi Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır... Necə ki, Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə ona pənah gətirənləri döşünə çəkirdi, yiyə dururdu adamlara... Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi... Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə...
Laçın torpağı Azərbaycanın geoxəritəsində əsrarəngiz Qırxqız, Qızılqaya, Tərxanyalı, Alagöllər, Ağoğlan, Böyük İşıqlı kimi əzəmətli dağları ilə seçilir. Mən Xuraman xanım Muradovaya hər baxanda elə bilmişəm ki, o Uca Dağları görürəm. İlahi bir doğmalıqla Xuraman xanımı Dağa bənzətmişəm. Həyatın hər sərt sınağının qarşısında mətinliklə dayanan, məğrur başını bir qarış da əyməyən, yenilməz qala misali bircə daşı da yerindən tərpənməyən, mətin duruşu ilə, əyilməz xarakteri ilə İnsanlığa əzəmət örnəyi olan, üzü Haqqa sarı dayanan dağ kimi məğrur, yenilməz, uca bilmişəm Xuraman xanımı... Arxamızda dağ kimi, ömrümüzə nur səpələyən bir dünya işıq kimi…
Dağ əzəməti, dağ vüqarı, dağ əyilməzliyi ilə həmişə Haqqın yanında, içindəki ədalət tərəzisini əyilməyə qoymayan görmüşəm Xuraman xanımı...
Bənzərsiz poeziyası, ürəkləri oxşayan şeirləri ilə ruhumuzun ekologiyasını çirklənməyə, mənəviyyatımızı aşınmağa müsaidə etməyən, düşüncəmizi çöküntülərdən təmizləyən, daxili dünyamızı arındıran, pak nəfəsli Mələk simalı Bilgə Hocamız sanmışam Xuraman xanıməfəndini...
Adı Uca kitabımızın müqəddəs adı, könlü “məsumiyyət muzesi”, üzü Tanrı təcəllası, sözləri Haqqın sədası …
Mən göy adamıyam, yerlə işim yox,
Mən göydən gəlmişəm, göy adamıyam.
Haqqın aşiqiyəm, haqqın gur səsi
Həqiqət yolunun yanan şamıyam.
Gözü yaşlı haqqın sinəsin açıb,
Nə gecəyə sığdım, nə də gündüzə.
Çəkib içimdəki qaranlıqları,
Dönmüşəm harayçı, coşğun dənizə.
Mən göy adamıyam, yerə sığmaram,
Gizli gələn payız, səssiz yağışam.
Gülən azadlığa bir salam verib,
Haqqın güzgüsünə qonan naxışam.
Şair ürəyindən qələmə köçən misraların hər birində dərin fəlsəfi məna, ilahi hikmət var. Nə gözəl tərənnüm edir Tanrının xəlq etdiyi əşrəfi Xuraman xanım... Göylərdən gələn, qəlbi Tanrı nuruna boyanan insanın yerdə bərqərar etdiyi İlahi ədalətin, haqqın mizan-tərəzisinin varoluşuna nə gözəl inandırır oxucusunu... Doğru deyiblər ki, həqiqi Şair olan kəs Tanrının yer üzünə insan sifətində göndərdiyi həqiqət elçisidir.
Əlləri uca göylərə şükürlə açılan, qismətinə şükür edə-edə mənəvi firavanlığa ucalan, “ömrünə gələn qışı da köksünə sıxıb yaz kimi əzizləyən” Xuraman xanım yaşadığı tərtəmiz ömür kimi ağ alnına yazılanları da bir ilahi fərman bilib ya da Tanrı duası…
Sıxıb köksümə yazı,
Qışı da yaz biləcəm.
Günəş doğduğu yerdə,
Gözləyərsən gələcəm.
“Nəsimi o məqama ucalmaqdan ötrü dərisi soyulsa da, İsanın çarmıxa çəkildiyi təki Sözə könül verən, sözlə ülfət bağlayan qələm adamlarının yolu nə qədər məşəqqətli olsa da, usanmır bu ömürdən Həqiqət aşiqi... Çünki Sözə səcdə eləyib, Həqiqətə baş əyib, Haqqa könül verənlərdən ötrü bu Yolun enişinin, yoxuşunun, çalasının, çökəyinin, cəfasının, qəminin, sitəminin zərrə qədər də qorxusu-ürküsü yoxdu…
Bildim qəmini sənin ki, çoxdu,
Qəm çəkməyə bir hərif yoxdu...
Gəldim olam qəmin hərifi
Gəl təcrübə eylə mən zəifi... –
"Leyli və Məcnun" poemasındakı bu misralar həm Məcnuna, həm də elə Füzulinin özünə aiddi. Hərdən mənə elə gəlir ki, könül səltənətinin “Füzuli” çeşməsindən su içənlər – sözə könül bağlayanlar, “əli Göyə, ayağı Yerə çatmayıb – Yerlə Göy arasında var-gəl” edənlər Ustad Füzuli təkin bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, Tanrının onlara bəxş etdiyi ilahi nurla insanlığa işıq olmağa gələnlərdəndi... Elə Xuraman xanım Muradova kimi...
Su kimi durulur ömrün illəri,
Göyün söz yarağı, sözün sirriyəm.
Yerlə-göy arası mələk libaslı,
Haqqın sərhəddiyəm, sözə dirəyəm.
Mən göy adamıyam, eşidin məni,
Göyün göy qurşağı, səma rəngiyəm.
Gülən azadlığın əlindən tutub,
Yerin nəfəsinə çəkən biriyəm.
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Goranboy rayonunun səfalı Xanqərvənd kəndində doğulub Xuraman xanım... Həyat məktəbinə də, məktəb həyatına da saf bir kənd mühitində qədəm qoyub. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra ali təhsil almaq üçün Bakıya yol alan cəfakeş, zəhmətkeş Xuraman xanım elə ilk gənclik illərindən fədakar ürəyi, elmi, işığı ilə bütöv bir nəsil üçün Yol açıb, Yol olub, mədəni-ictimai həyatımızda öz dəsti-xətti ilə mükəmməl bir örnək kimi xeyirxahlıq simvoluna çevrilib...
Mən Təbriz yoluyam, Dərbənd yoluyam,
Salıram yolumu ayrılıqlara.
Bu ağır yolları alıb çiynimə,
Ümid daşıyıram, ümid yollara.
Mən qartal vüqarlı, dağ havalıyam,
Mən vətən ruhluyam, şəhid məkanlı.
Dodağımda günəş-günəş söz açıb,
Olmuşam vətənə mən ikicanlı.
Mən göy adamıyam, göylərdən enən,
Haqqın-həqiqətin zümzüməsiyəm.
Xuraman adında bir vətən qızı,
Azərbaycan adlı vətən səsiyəm!
Xuraman xanımın qələmindən süzülən bu gözəl parça sanki bir rəssam fırçasıyla İnsan ömrünün təcəssümü, Tanrının yaratdığı ilahi qüdrətli seçilmiş bəndənin şərəflə yürüdüyü ömür yolunun bədii boyalarla çəkilmiş poetik təzahürüdür.
... Misra-misra kəşf elədiyim, kitab-kitab ruhunu oxuduğum, söz-söz içimə çəkdiyim, kəlmə-kəlmə hiss elədiyim, irfani ucalığını öz dünyamda - könül evimdə müqəddəsləşdirdiyim Xuraman xanım Muradova söz mülkündə saldığı iz, söylədiyi sözlə hər birimizin içimizə ayna tutur, ən ibrətamiz öyüd alacağımız ünvanın “müqəddəs kitabımız” olduğunu; Hacı Bektaş Vəli demiş, “oxunacaq ən böyük kitabın İnsanın özü olduğunu” söyləyir bizlərə:
Haqqın-ədalətin əlindən tutub,
Üzü yaxşılığa getdim həmişə.
Kinli baxışlardan, naqis üzlərdən,
Gizlətdim üzümü, itdim həmişə.
Açdım ürəyimin pəncərəsini,
Eşitdim yadın da doğma səsini,
Uddum acı dadan xoş kəlməsini,
Hər kəsin yolunda bitdim həmişə.
Xuraman xanımın poeziyasının fəlsəfi-estetik istiqaməti özünün mürəkkəb insan aləminin, Tanrının, həyatın, insanın dərkinə doğrudur. Müraciət etdiyi mövzudan asılı olmayaraq şair hər bir mövzuya çoxlarını düşündürən ümumbəşəri problemlər çərçivəsindən baxır, həmin məsələlərin bədii-obrazlı həllini, şeir formalarında dəqiq ifadəsini axtarır, öz səmimi şair sözünü poetik rübabın diliylə deməyə çalışır.
Bu dünyanın ən cavabsız suallarından biri də “Poeziya nədir?” sualıdır. Bu suala cavab tapmaqla biz təkcə poeziyanın deyil, bəlkə Tanrının da sirlərinə açar ola biləcək yolu tapa bilərik. Əlbət ki, Xuraman xanım özü də bu fikirdədir. Onun şair ömrünə, sənətkar taleyinə və ümumiyyətlə, insan həyatına həsr olunmuş şeirləri oxucunu dərin düşüncələrə qərq edən həssas poeziya nümunələridir. Xuraman xanım Muradovanın yazdıqları o qədər doğmadır ki, sanki həmişə bizimlə könül sirdaşı, yol yoldaşıdır. Çünki o, yaşadığımız dünyadan, həyatdan, çoxlarını eyni düşüncə və ağrının üzərində kökləyən mövzulardan yazıb.
Xuraman xanımın bir küll olaraq bütöv poeziyasında, demək olar ki, bütün şeirlərində həyatın poetik dərki və ifadəsi çox mənalı bədii əksini tapıb. O, şeirləri ilə eyni taleyi yaşaya bilən bir şairdir. Oxuduqca bu qənaətə gəlmək olar ki, “Sənə məktub yazaxam”, “Mən göy adamıyam”, “Mən”, “Ürəyim”, “Darıxmağın rəngi olmur, əzizim”, “Haqq aşiqiyəm”, “Yenidən dünyaya gəlmək istəyirəm” və bu nəfəslə yazılmış bir çox şeirləri ayrı-ayrılıqda da, bir yerdə də şairin tərcümeyi-halının sıxılmış, yığılmış ifadəsidir.
Onun yaradıcılığı ilə tanış olanda zərif duyğuların, dərin dərrakənin, zəkanın mücəssəməsi olan bu poeziyanın bizə ömür yolunda etibarlı bələdçi olacağına ürəkdən inanırsan. Hər bir şeir mütləq hansısa mövzuda insana yol göstərir, birinci növbədə günahlardan uzaq durmağı təlqin edir, insana Tanrı verən ömrün qədrini bilməyi öyrədir:
Sevdiklərimizə indi dəyər verək…
İndi sarılaq...
Çünki ölüm gələcək.
Bizdən xəbərsiz...
Səssiz-səmirsiz...
O hər an haqdır.
Zamanın ayrılıq əli əlimizdə,
Tez-tez qapımızı döyəcək.
Ayrılığın ögey baxışında
Tapa bilməyəcəyik bir-birimizi...
Əcəl gəlib aparanda sevdiyimizi...
Yanacaq ürəyimiz
Parcalanacaq qəlbimiz,
Didərgin olacaq ruhumuz.
O zaman anlayacağıq ki,
Bir metrə torpağın altı
Dünyanın o biri ucundan
Çox-çox uzaqdı.
Hamımızın gördüyümüz adi hadisələr şairin dünyasında poetikləşir. Şair bu adi hadisələrin içərisində böyük həyat həqiqəti görür: “Göz üzü o qədər qutsal, o qədər müqəddəs, o qədər tərtəmizdir ki, sanki bizim Yerdəki yaşantımızın Aynası orda – o ilahi ucalıqda, Tanrı qatında, Göy üzündədir. Etdiyimiz günahlar sanki o müqəddəsliyə, göyə atılan daşlardır. Yerin cəzb etmə qüvvəsini niyə unuduruq?! Xuraman xanım Muradova şair olmaqla bərabər həm də fizikanın qanunların gözəl bilən memar – mühəndisdir axı... Onun sözə, şeirə çevirdikləri sadəcə avaza xoşgələn sözlər deyil, həm də yer üzündə ilahi tarazlığı pozulmağa qoymayan fizika qanunlarıdır... Ona görə şair günahlardan arınmağa çağırır insan övladını... Axı göyə atdıqlarımız əlbət ki, bir gün özümüzə - üzümüzə geri qayıdacaqdır. Günah ediriksə, cavabında gec-tez bir gün günah görəcəyik. Həyat nə qədər xoş keçsə də, ömür nə qədər uzun və qayğısız olsa da, əbədi deyil, bir gün müqəddəsliyin tərəzisindən, onun cavab daşından qaça bilməyəcəyik. Çünki hər kəs öz qismətinin iştirakçısıdır. Və bir gün hamımız bu əməllərimizə görə cavab verəcəyimizi xatırladan şeirləri ilə Xuraman xanım bizi xeyir əməllər sahibi olmağa “qəlbi əməli ilə düz olmağa”, arınmağa, təmizlənməyə, paklaşmağa çağırır. Şair sidq ürəklə bizi inandırır ki, bu dünyada nə əkiriksə, onu da biçəcəyik:
Doğru olmaq üçün yaranıb bəndə,
Allahı düşünün, hər nə edəndə,
Yaxşılıq yerinə pislik görəndə,
Göz yumub, unutdum, ötdüm həmişə.
Bilmədim dadını kin-küdurətin,
Quluyam, doğrunun, saf məhəbbətin,
Yalanın çox gördüm düz həqiqətin,
Düz oldum, düzlüyə çatdım həmişə.
Klassik Alman filosofu Hegel yazır ki, dünyanı dərk etməyin üç yolu var: dini, fəlsəfi və poetik. Bu iki dərketmə yolu özünün ən yüksək nöqtəsində poetik həddə çatır. Fəlsəfə poeziyadan aşağıdır, o mənada ki, fəlsəfə dediyi şeyi əsaslandırmalıdır. Poetik sözü əsaslandırmaq çox çətindir. Poeziya sözün ən ələ gəlməyən formasıdır, hər şeyin fövqündədir. Belə bir deyim var: Poeziya tarixdən daha tarixi, fəlsəfədən daha fəlsəfidir. Şərq ədəbiyyatında bir ənənə var ki, nəinki fəlsəfi, hətta iqtisadi-siyasi-ictimai həyat öz əksini poeziyada tapır.
Xuraman Muradova çağdaş Azərbaycan fəlsəfi-intellektual poeziya təmayülünün ən özgün, ən başarılı nümayəndələrindəndir. Xuraman Muradova poeziyasının fəlsəfəsi ondadır ki, O, insan ruhuna, mənəviyyatına kəpənək çiçək ləçəyinə qonduğu kimi qonur və sözə son dərəcə həssaslıqla yanaşaraq insanın varlığını bədii sözə çevirir. Onun baş qəhrəmanı - fəlsəfəsinin mayəsi içimizdəki İnsandır. O, insan ki, çox zaman biz onun qədrini bilmirik. Hürufilər deyirdi ki, insan Həqdən qopmuş nur parçasıdır. Bu mənada, Xuraman Muradova poeziyası elə şairənin özü kimi Həqdən qopmuş nur parçasının poetik ifadəsidir.
Onunla söhbət zamanı adamın beyninin ən yorğun, ən yuxulu hüceyrələri də qeyrətə gəlir, ruhun saf bir enerji axını qarşısında duruş gətirmək üçün özünə dayaq axtarır. Bəli, Xuraman Muradova dünyanı belə bir ilahi güclə - ilahidən gələn saf bir enerji ilə zəbt eləyir. Onunla bir könül söhbəti, bir muhəbbət etmək istərsən, bir də baxarsan ki, verdiyin suallardan, aldığın cavablardan bütöv bir sistem yaranıb. Onun müdrikliyinə sığınıb sözünə qulaq verərsən, sözünün qüdrətiylə əlindən tutub səni düpbədüz işıqlı yola çıxarar. Bu da əlbət ki, ürfani fitrətin bir qığılcımı, Tanrı qanunlarına riayət edərək tərtəmiz, günahsız yaşanmış ömrün ilahi möcüzələrindən biridi.
Xuraman xanımın sözü böyük ilhamdan, böyük istedaddan və böyük ağrıdan doğulan Sözdür, buna görə də böyük Sözdür.
Şairlik sözə münasibətdən başlayır. Xuraman Muradova poeziyasının böyüklüyü ondadır ki, o, hər dəfə sözə dua edirmiş, ayin oxuyurmuş kimi yanaşır:
Haqqın-ədalətin əlindən tutub,
Üzü yaxşılığa getdim həmişə.
Kinli baxışlardan, naqis üzlərdən,
Gizlətdim üzümü, itdim həmişə.
Açdım ürəyimin pəncərəsini,
Eşitdim yadın da doğma səsini,
Uddum acı dadan xoş kəlməsini,
Hər kəsin yolunda bitdim həmişə.
Mən Allah yolunda, haqqın elçisi,
Olmadım nadana heç zaman asi,
Bəzən tapmayanda bircə içim su,
Oldum dərya, dəniz, yetdim həmişə.
Poetik sözün dəyəri onun ifadə elədiyi həqiqətin fövqündədi. Fikrimcə, Xuraman xanımın poeziyası həm ifadə elədiyi həqiqətlərə, həm adi bir fikrin qeyri-adi ifadə tərzinə görə, bütünlükdə poetik-fəlsəfi tutumuna görə çağdaş türk şeirinin ən sayğın örnəklərindəndir.
Xuramanam, hər sözümdə sərrafam,
Haqqın aşiqiyəm, doğruyam, safam,
Mən göyün adamı, mən yerə yadam,
Mənə doğru atın addım, həmişə.
Onun yeri ədəbiyyatımızda, sözü bütün şeir rənglərinin içində ayrıca bir rəngdi: özünəməxsus Xuraman Muradova rəngi. Rənglər də təravətini itirir, soluxur. Ancaq Xuraman xanımın şeirləri həmişəyaşardır, o şeirlərin boyası – rəngi əbədidir... Nə qədər ki, sol yanımızda sevən bir ürək var, nə qədər ki, bu poeziyanı oxuyanda, insan paklaşır, ruhu təzələnir, daxili dünyası büllurlaşır, saflaşır, üzü kamilliyə doğru yol alır; deməli, bu rəng də heç vaxt solmayacaq, bu şeirlər ilahinin yer üzünə ərməğan etdiyi mələksima Xuraman Muradova nəfəsinin təravətini yüz illərə, min illərə saxlayacaq, lap Tanrı duası kimi, Haqqın sədası kimi...
Xəyalə Zərrabqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru
FACEBOOK YORUMLAR