Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

Türk dünyasının Mənəvi Sərvəti…

26 Ocak 2024 - 10:32


Türk dünyasının Mənəvi Sərvəti…


“Benim bedenimin babası Ali Rıza Efendi, fikirlerimin babası ise Ziya Gökalp’tir”, - deyir Mustafa Kamal Paşa. Zahirən adi görünən kəlmələri özündə ehtiva edən bu bircə cümlənin olduqca dərin məna yükü var. Atatürk kimi bir məfkurə adamı fikirlərinə söykəndiyi Ziya Göyalpı öz mənəvi atası hesab etməsi duyğu dolu bir bənzətmədir. Bu mənada, bütün qəlbimlə, səmimiyyətimlə etiraf edirəm ki, bizim öz milli kimliyini, tarixi köklərini dərk edən bir Türk gəncliyi olaraq yetişməyimizdə Türk dünyasının   böyük ictimai xadimi Cavanşir Feyziyevin elmi-ədəbi irsinin, monumental tədqiqat əsərlərinin, özəlliklə “Türk dünyası”, “Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli”, “Sülh fəlsəfəsi” kitablarının misilsiz rolu vardır. 
Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini, Türk kimliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitablarından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi məğrur duruşundan belə əzəmət və əsalət öyrəndiyimiz Cavanşir Müəllimə çox şey borcluyuq!


Böyük Mustafa Kamal Paşanın ideoloji yolunu,  Məhəmməd Əmin Rəsulzadənin cumhuriyyət  işığını, İsmayıl Qaspıralının  “dildə, fikirdə, işdə birlik” amalını, Ziya Göyalpın, Hüseyn Nihal Atsızın, Əli Bəy Hüseynzadənin türk məfkurəsini – Turan düşüncəsini günümüzə daşıyan parlaq zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir elm sahibidir Cavanşir Feyziyev…
Cavanşir müəllimin böyük zəhməti və yorulmaq bilmədən apardığı ardıcıl, müntəzəm, sistemli elmi araşdırmalarının  sonucunda ərsəyə gətirdiyi “Türk dünyası” kimi monumental tədqiqat əsəri çağdaş dünyanın geosiyasi xəritəsində önəmli yer qapsayan Türk dünyasını dərindən öyrənə bilməyim üçün  əlimdən tutan yol bələdçim oldu…  Bir-birindən maraqlı, dili üslubuna , üslubu mövzu aktuallığına dəyər qatan bu fundamental kitabların təsiri və düşüncəmdə açdığı üfüqlə işıqlı bir yola çıxıb tarixdən bu günə yol alaraq çağdaş Türk dünyasını  Cavanşir Bəyin qələminin işığında kəşf etmiş oldum...
Və bu kitablar ruhumda, yaddaşımda o qədər dərin iz buraxdı ki, oxuduqca bəzən kitabla gerçək arasında olduğumu unutdum, gah müəllifə qoşulub əski Göytürk əlifbamızın, Orxon-Yenisey kitabələrinin izi ilə qədim tariximizi aramağa,   gah da yeniləşən dünyada böyük söz sahibi olan Türklərin kürəsəlləşən dünyada əks-səda doğuran ideoloji qurumlarının  çağdaş zamanla səsləşən fəaliyyətlərini gözləmləmiş oldum... Cavanşir müəllim akademik bir əsər yazmış olsa da, sadə və anlaşıqlı dili olan o qədər gerçək bir təhkiyəçidir ki, oxuduqca bütün bunları bir alimin, elm adamının düşüncəsindən bir yazarın qələminə süzüldüyünü zənn edirsən. Onun alim və yazar qələmi ilə ərsəyə gətirib   yazdığı  mətn səni ağuşuna alıb özü ilə bərabər səhifə-səhifə bütün Türk dünyasını səyahətə götürür. Bu, müəllifin ən ümdə uğurudur.
 Cavanşir müəllim son dərəcə doğma üslubu, boyasız tərtəmiz türkçəsi, təbii axarda hadisə və prosesləri nəqletməsi ilə nəinki kitabla oxucu arasında sərhədləri qaldırır, hətta qardaş türk ölkələrimiz arasındakı sərhəd və məkan uzaqlığı məfhumunu tamamən aradan götürərək oxucusuna həmsöhbət ola bilir. Kitabın səhifələrindən bizə boylananların qazax, qırğız, qıpçaq, qumuq, başqırd, tatar olduğunu yox, öz canın, qanın, ruhunun bir parçası olduğunu anlayırsan. Bu elə bağlılıqdır ki, sözlə izah edə, kəlmələrə çevirib ifadə edə bilmirsən. Amma oxuduqca bütün ruhunla hiss edirsən ki, bu sətirləri yazan adam sənin ən doğmandır, bu hisslər sənin insan olaraq təməlində   dayanan olduqca mübhəm yaşantılarıdır.


Bəli, Сavanşir müəllim bir elmi əsərin içində bütün tariximizi, milli kimliyimizi, və bütöv bir türk qövmü olaraq qardaş topluluqlarla doğmalığımızı son dərəcə təbii axarda təqdim edə bilən təkrarsız və bəzərsiz ictimai fikir adamıdır.
Tolstoy yazır ki, tarixini yaza bilən topluma millət deyilir. Bu baxımdan biz olduqca böyük və qüdrətli bir millətik. Və dəyərli ziyalımız Cavanşir Feyziyev kimi yazdığı əsəri ilə bu millətə ruh verənlər isə bu millətin gerçək ideoloji qəhrəmanları – var oluşumuzun səbəbkarlarıdır. Cavanşir müəllim bir elm adamı və ictimai xadim kimi hər bir əsərində, hətta kitabları ilə yanaşı gündəlik dövrü mətbuatda dərc etdirdiyi məqalələri ilə Qərbin mədəniyyət imperializmi qarşısında baş əyib öz milli və mənəvi dəyərlərini itirmiş və ya itirmə istiqamətində olanlara, getdikləri yolun gedərgəlməz olduqlarını xatırladır. Milli və mənəvi mənliyini qoruyanlara isə haqq yolunda olduqlarına əminlik aşılayır. Bu göstərici onun böyük elm adamı və ictimai xadim kimi zəngin dünyagörüşündən, hadisələrə baxış istiqamətində geniş vizionlu olmağından və çoxşaxəli elmi mütaliələrindən xəbər verir.
Dərin zəka və ağlın gücü ilə ərsəyə gətirdiyi elmi araşdırmaları, altına imzasını qoyduğu sanballı layihələri ilə dünya türkoloji fikir tarixinə - türkologiya elminə böyük töhfələr verən, çoxşaxəli yaradıcılığı ilə təkcə çağdaş Azərbaycan elmi-mədəni mühitində deyil, o cümlədən ölkəmizin hüdudlarından minlərlə kilometr uzaqlarda belə eyni şövqlə oxunan, sevilən, onun sözünü sevən saysız-hesabsız oxucu auditoriyasının ədəbi-fəlsəfi-estetik zövqünü formalaşdıran istedadlı məfkurə adamı və Azərbaycan torpağının yetirdiyi nadir dühalardandı Cavanşir Müəllim... Və gəlin səmimi etiraf edək ki, Onun ortaya qoyduğu iş bir İnstitutun uzunmüddətli apardığı elmi axtarışların sonucu kimi geniş əhatəli bir tədqiqatdır ki, məhz Cavanşir müəllim bu işin öhdəsindən təkbaşına və ləyaqətlə gəlməyi başarmışdır.
            Marmara Universitetinin Türkologiya bölümünün doktorantı İlknur Öner “Türk uygarlıklarının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türklük bilimi”, “Türk dünyasının tarixi şəxsiyyətləri”ni oxuyub başa vuranda haqlı olaraq bu qənaətə gəlir ki: “Bu kitablar konu etibari ilə Türk dünyasının ortaq tarixi dəyərləri, gələnək və görənəkləri, Türk dünyasına hizmət edən bilim və elm adamlarının, qurumlarının çalışmaları, Türklük bilimi kimi olduqca geniş bilgilərə yer verilən əsər Türk dünyasıyla ilgilənən araşdırmaçılar, öyrəncilər və elmin hər sahəsində olan kəsimlərə xitab etməkdədir.
            Dr. Cavanşir Feyziyevin bu elmi araşdırmalarına 1977-ci ildə yayımlanan “Türk dünyası El Kitabı” kimi, “Fundamenta” kimi Türklük üzərinə birləşdirici kitabların modern yansıması kimi yanaşsaq yanılmarıq.
Cavanşir Müəllim həm də gündəlik dövrü mətbuatda müntəzəm çıxış edən, geniş publisistik yaradıcılığı olan alimdir. Onun elmi məqalələri Azərbaycançılıq məfkurəsini öyrənmək, mənimsəmək açısından qiymətli məxəzdir.
            “Türk dünyasının İstiqlal şairləri “Bəxtiyar Vahabzadə - Mehmet Akif Ersoy” adlı  konfransa göndərəcəyim məruzəmi hazırlamaq üçün Bəxtiyar Vahabzadə haqqında yazılanları oxuyub incələdikcə Cavanşir müəllimin “Türk dünyasının sönməz ulduzu”, “Əbədiyyət rəmzi Bəxtiyar Vahabzadə” məqalələrinin üzərində dayanaraq, müəllimin fikirlərinə xeyli istinad etmişdim. Və hələ o zaman mənə çox maraqlı gəlmişdi ki, ixtisasca  ədəbiyyatşünas olmayan bir elm adamı Bəxtiyar Vahabzadə haqqında bu qədər gözəl yazması nədən qaynaqlanır.  Sanki istiqlal şairimizin içindəki vətəndaşlıq yanğısı elə Cavanşir müəllimin yazısına, ruhuna sirayət etmişdi.
Bu milli yanğını daha sonralar Onun imzasında “Xocalı – Srebrenitsa: Qardaşlaşmış kədər”,  “Xocalı soyqırımı” məqalələrini oxuyanda da ürəyimin səsi kimi aydınca duymuşdum.


“Milli mətbuatımız”, “Milli mətbuatımız – milli qürurumuz”, “Milli mətbuatımız milli mübarizə tariximizdir” məqalələrini oxuyanda Cavanşir müəllimin Böyük Zərdabinin yoluna və ideyalarına sədaqətini rəğbətlə müşahidə etmişdim. Həsən bəy Zərdabi yazırdı ki: “Ziyalıdan məhrum olan bir xalq işıqdan məhrumdur”...  Sözün həqiqi mənasında nə mutlu bizlərə ki, Yolumuzun başında varlığı ilə İşıq olan və milli düşüncəsi ilə ruhumuzda Çıraq yandıran Cavanşir Feyziyev kimi ziyalılarımız var. Bu milləti ideoloji olaraq yıxılmağa, yenilməyə, əyilməyə qoymayan, ayaqüstə saxlayan səbəb məhz Cavanşir müəllim kimi mənəvi sütunların olmasıdır.
Müəllifin “Söz və məsuliyyət” , “Seçim və məsuliyyət” məqalələri isə yüksək əxlaqi –didaktik təsiri ilə bizi kamil insan olaraq formalaşmağa səsləyir.
Cavanşir Feyziyevi oxuduqca biz oxucunu arxasınca aparmağı bacaran fədakar vətəndaş ziyalı, milli düşüncəli aydın, - ən əsası azad şəxsiyyət obrazını görmüş oluruq. 
Cavanşir Müəllimin əsərlərində dərin və əhatəli psixologizm müşahidə olunmaqdadır. Müəllifin psixologizmi doğma ana dili, adət-ənənə və sosial –ictimai gerçəkliyin daxili təbiəti ilə çulğalaşır. Alimin bir yazar həssaslığı kimi müşahidə olunan psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir.

Cavanşir Feyziyev mənsub olduğu xalqın əxlaq və mənəviyyatını həmişə sağlam ruhlu, köklü, rişəli görmək istəyir. Bu baxımdan Onun yaradıcılığının mənəvi-əxlaqi, sosial-siyasi  və didaktik-tərbiyəvi əhəmiyyəti çox güclüdür.
Cavanşir Feyziyev yaradıcılığı milli-tarixi, çağdaş şüur problemləri ilə  bağlı olan, bu keyfiyyətin  fərd, ailə, cəmiyyət, dünya–insan–zaman boyunca yayımlandığı  və ictimai-siyasi prosesə təsir göstərdiyi orijinal yaradıcılıqdır.
Marina Svetayevanın maraqlı bir fikri var. Yazır ki: əsl, həqiqi sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad təkcə nə qədər yazmağı yox, həm də nə qədər “gərilməyi bacarmaq”dır. Əgər  hər hansı bir əsəri “gərilmədən” rahatca yazsan cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri sənət nümunəsinə çevrilə bilməyəcək. Əsərə əbədiyaşarlıq qazandıran məhz bu “gərilmə”dir.
Bu mənada Cavanşir Feyziyevin hər bir əsəri yüksək elmi-bədii istedadın, zəhmətkeşliyin, dərin yaddaş və  həssas müşahidənin qabiliyyətinin məhsulu olmaqla bərabər, həm də böyük “gərilmə”nin məhsuludur. 

Cavanşir Feyziyev tərz və üslubu ilə Türkoloji elmimizdə əsaslı işlər görən fenomen şəxsiyyətdir.  Çağdaş türkologiya elmi Onun qələmində həqiqətin sadə və sadə olduğu qədər də estetik ifadəsi ilə tanış oldu. Cavanşir müəllimin bütün elmi çalışmalarının ana xətti, onurğası, özəyi Türk dünyasıdır.
Onun əsərlərinin dili isə son dərəcə bənzərsizdir. Cavanşir müəllimin əsərlərindəki türkçənin xüsusi semantik dəyəri var. Hadisələri oxucunun gözlərində canlandırırmış kimi təsvir etməklə Cavanşir Feyziyev bizi dilin dramatizasiyasına aparır. Dramatizasiya teatr terminidir və təsvirin görümlülüyünü (vizuallığı) özündə ehtiva edir. Bu mənada, alimin bir yazar həssaslığı ilə seyr etdirmə qabiliyyəti o qədər yüksək səviyyədədir ki, tarixi hadisələri belə oxucusuna bədii axarda bizə təqdim edə bilir.
Cavanşir Feyziyevin əsərlərinin ədəbi-bədii dili, sadəcə, səsiylə deyil, həm də, dramatik xüsusiyyətləri ilə, canlandırma və xəyal etdirmə gücü ilə yadda qalır. Cavanşir Feyziyevin türk dilinə yanaşmada bu həssaslığı Oljas Süleymenovun, Çingiz Aytmatovun əsərləri ilə müqayisə oluna bilər.
Görkəmli alimimizin “İstiqlalımızın Bayraqdarı”, “Bayrağımız milli vəhdətimizdir”, “Bir kərə yüksələn bayraq”, “Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cumhuriyyəti” məqalələrini oxuyanda göz yaşlarıma boğulmuşdum, ürəyimdə Cavanşir müəllimin böyük ürəyinə sonsuz sevgiylə, ünvanına dua-alxış və minnətdarlıqla “Əsrimizin Səyavuşu” əsərindən bu parçanı xatırlamışdım. Məhəmməd Əmin bəy yazırdı ki: " Ey Əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz! O, sənin bu bayrağı çiyinlərinə alıb məsumanə bir tərzdə: "İrəli, irəli!" – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərində Azərbaycan türklərinin bayrağını həmişə uca tutacaqsan!”
Təkcə kitabları, yazılarıyla yox, həm də əməlləri ilə, gördüyü işlərin miqyası ilə Cavanşir müəllim bizə bayraq əmanət edən böyük Rəsulzadənin əziz ruhunu şad etməkdə və qeyrətlə, şərəflə atdığı hər bir addımında  dünya miqyasında o əmanət bayrağı uca tutmaqdadır.      

      
Cavanşir Feyziyev kitablarıyla, çıxışlarıyla, şəxsiyyəti və varlığıyla milli duruşu türk gəncliyinə aşılayan, onların Alpərən ruhunda yetişməsinə vəsilə olan, kimliyimizi - Türk ucalığını sözündə, əməlində ləyaqətlə yaşadan Uca Türkdü... Böyük Türkdü... Böyük ürəkli Türkdü...
Onun məqalələrini oxuduqca, ürəyinin səsinə həmdəm olduqca düşünürəm ki: bu qələmə alınanlar adi yaşanmışlar deyil, dəyərli bir tarixdir, mənəviyyat kitabımızın ən qiymətli səhifələrindəndir. Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram – deyə Sizinlə qürur duyacaq...”- deyir. 
 Var olun, Cavanşir Müəllim!  
İndi mən həmin o baxtlı türk gənciyəm. Nə xoşbəxtəm ki, Sizin kimi bir ziyalı şəxsiyyətin  yaşamağa dəyər ömür yolunu və düşüncələrini qələmə alıram...
Nə xoşbəxtəm ki, uca Tanrının Cavanşir Əyyub oğlu  Feyziyev  adına yazdığı şərəfli ömrün fraqmentlərini işıqlandırıram...

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru




 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum