Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

Şərəfli həyat yolu… ​​​​​​​

29 Mayıs 2023 - 21:18

Şərəfli həyat yolu…

Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.” Bəzən o qadınlar  biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…
Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca Qadın olasan...
Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, iti ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətimizdə yandırdığı İşıqla qadın adına daha bir ucalıq bəxş edən gözəl bir Türk xatunundan – Xəyalə xanım Xalıqverdi qızı Dadaşovadan bəhs edəcəyəm…
         Təxminən 5 il əvvəl cənab prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, ölkəmizdə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xüsusi əməyi ilə fərqlənən əməkdaşları fəxri adlarla təltif olunmuşdular. Mətbuatda oxuduğum həmin xəbər başlığında ilk yerdə cənab prezidentin sərəncamı ilə müstəsna əməyinə görə “Tərəqqi” medalına layiq görülən Xəyalə xanım Xalıqverdi qızı Dadaşova ismi var idi.  Adaş olduğumuza görə xüsusi bir sevgiylə o xanımın əmək fəaliyyətini sonrakı dönəmlərdə də maraqla izləməyə başlamışdım.
         Rəhmətlik nənəm danışardı ki, yaylağa köç eləyəndə göz yaşı kimi dumduru şeh damlasının izinə düşüb bir bulaq tapardıq, bizim üçün dünyalara bərabər olardı… Həmin gün mətbuatda oxuduğum o xəbər, sözün həqiqi mənasında, dumduru bir bulağın izinə düşmək üçün əlimdən tutan yol bələdçim oldu. Aqrar sahədə peşəkarlığı, biliyi, savadı, gördüyü gözəl işlərlə böyük rəğbət və nüfuz qazanan Xəyalə xanımın fəaliyyətini izlədikcə belə bir xanımı tanımağıma sevinməklə bərabər həm də onun dəyanətinə ürəyimdə min yol “Əhsən!” dedim…
         Hələ Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikamızın baş dövlət fitosanitar müfəttişi vəzifəsində görəvli olduğu zamanlarda dəvət aldığı “Sosium”, “Qida bələdçisi” kimi baxımlı televiziya proqramlarında dəfələrlə bir-birindən maraqlı və birbaşa sağlamlığımıza yönəlik, maarifləndirici çıxışları ilə Xəyalə xanım geniş bir auditoriyanı olduqca dolğun məlumatlarla bilgiləndirirdi. Məsələn: “Fitosanitar nəzarət və yanlış qidalanma” və ya “İstehlakçı meyvə-tərəvəz alarkən nəyə diqqət etməlidir?” kimi zahirən sadə görünən məsələlərin izahında Xəyalə xanım uşağından böyüyünəcən, cəmiyyətimizin hər bir fərdi üçün son dərəcə əhəmiyyətli olan mətləblərə toxunurdu. Onun birbaşa iştirakı ilə keçirilən, mənim də qatıldığım “İxrac bazarlarında kənd təsərrüfatı məhsullarının keyfiyyəti əsas rəqabətlilik amili kimi" mövzusunda elmi-praktiki seminarda, eləcə də  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Qida Təhlükəsizliyi Agentliyində İnstitusional islahatlar və idarəetməyə dair texniki dəstək” layihəsi çərçivəsində “Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunda seminarlarda Xəyalə xanımın ölkəmizin fitosanitar vəziyyəti, bu sahədə sabitliyin qorunması, o cümlədən bitki və bitkiçilik məhsullarının istehsal və ixracının artırılması istiqamətində etdiyi çıxışların necə maraqla dinlənildiyinə dəfələrlə şahidlik etmişəm.
         İxtisas yönümüm tamamən fərqli olsa da, aqrar sahəyə bu qədər böyük marağımın olması təbii ki, Atamdan qaynaqlanırdı. Atam – Respublikanın əməkdar kənd təsərrüfatı işçisi Zərrab Əfəndiyev 40 ilə yaxın Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində çalışmış, ömrünü Muxtar Respublikanın bütün regionlarında kənd təsərrüfatının inkişafına yönəlik işlərə həsr etmişdi. “Torpağa əkilən buğdanı suvaran ən bərəkətli yağmurun insanın alın təri olduğunu” da, “Torpağa əyilmədən ucalmağın mümkünsüzlüyünü” də mən Atamdan öyrənmişəm.
Uşaqlıq illərimə aid bir hadisəni indiki kimi xatırlayıram: taxıl biçini zamanı Atam hər gün işdən sonra taxıl biçinində iştirak edən kombaynçılara baş çəkər, onların hər biri ilə görüşər, problemləri, çətinlikləri ilə maraqlanar, işin nə səviyyədə icra olunduğunu gedib gözüylə görməsə, ürəyi rahat olmazdı. Hərdən zəmidən bir-iki buğda üstünə sıçrayar, şalvarının balaq hissəsində həmin buğda dənəcikləri evimizə "qonaq” gələrdi. Mən həmin buğdaları atama göstərəndə "Bunu atmaq olmaz, qızım, - deyirdi. Buğda bərəkətdir. Buğda nemətdir. Apar dibçəklərimizdə güllərin yanına torpağa basdır onu, qoy böyüsün”. Bu minvalla dibçəklərimizdə çiçəklərimizlə bərabər sünbüllərimiz də böyüyürdü... Atam "torpağa düşməsin havayı bir dən” amalı ilə bir buğda dəninin belə israf olmasına qıymayan, iş otağını evimiz qədər sevən, işinə övladı kimi bağlanan adamdı. Bakıdan dostlarımı, tələbə yoldaşlarımı yay tətili günlərində Naxçıvana evimizə qonaq aparanda onlar həmişə maraqlı bir mənzərə ilə qarşılaşardılar. Atam bizi təkcə Naxçıvanın dilbər guşələrini gəzdirməklə kifayətlənməz, mütləq gözoxşayan zəmilərə də aparardı. O, kombaynçılarla görüşdüyü müddətdə biz böyük maraqla taxıl biçininə baxar, taxılın necə biçilməsini, toplanmasını, yeni texnikalarla buğdanın təmizlənməsini müşahidə edərdik. Daha sonra isə Atam yediyimiz çörəyin bax beləcə min bir zəhmətlə hasilə gəldiyindən danışardı. Bu gün üstündən uzun müddət keçməsinə baxmayaraq rəfiqələrim Naxçıvan səfərlərimizi xatırlayanda istirahət yerlərindən daha çox taxıl zəmilərini xatırlayır, göz işlədikcə uzanan zəmilərdəki maraqlı fotolarımıza baxdıqca belə deyirlər: "Əslində bizi oralara aparan səbəb sevimli Zərrab əmimizin işinə hədsiz vurğunluğu idi. Sarı kəhrəba dənələrini Zərrab əmi incidən, mirvaridən daha qiymətli bilirdi. Bilirsən, Xəyalə, biz Zərrab müəllimdən peşəsinə sevgiylə bağlılığı, həm də qədirbilməyi öyrəndik... – çörək qədri bilməyi...” Dostlarla bu hissləri paylaşmaq möhtəşəm olduğu qədər də qürurverici duyğulardı...
         Bir neçə gün öncə telefon görüşməmizdə Atam Bakı Ekspo Mərkəzində düzənlənən XVI Azərbaycan  Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə gedəcəyini söylədi. Təəssüf ki, Beynəlxalq Konfransda iştirakımla əlaqədar Bakıda olmadığıma görə Atamla bərabər həmin sərgiyə qatıla bilmədim. Sərgidə iştirak etdiyi günün sonunda Atamın göndərdiyi videogörüntüləri izlədikcə sevincimin həddi-hüdudu yox idi. Uzun zamandır, fəaliyyətini yaxından maraqla izlədiyim sevimli adaşım Xəyalə xanım Dadaşova rəhbərlik etdiyi heyətlə birlikdə həmin sərgidə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyini təmsil edirdi. Sərgidə Xəyalə xanımın çıxışını izləyə-izləyə, Naxçıvanda əmək fəaliyyətinə başladığı bu qısa zaman kəsiyində aqrar sahədə apardığı dirçəlişə yönəlik islahatları, bu az vaxt ərzində gördüyü təqdirəlayiq işləri  əziz bacım, dəyərli ziyalımız Qənirə xanım Paşayeva ilə müzakirə etdiyimiz bir vaxtda istəkli dostum, məsləkdaşım CNN Türk kanalının “Özəl Xəbərlər” şöbəsinin müdiri Fulya Öztürk içəri daxil oldu. Fulyanın istəyiylə, onun da izləməsi üçün bilgisayarı geniş ekran edib Xəyalə xanımın çıxışını bir qədər başa aldım...
         XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“İnterfood Azerbaijan”) açılış mərasimi... Xəyalə xanım səlis, aydın, rəvan nitqi, təmkinli davranışları və xoş intonasiyası ilə artıq söhbətimizə yeni qoşulan  Fulya Öztürkü heyran qoyub: “Bu gün ilk dəfədir ki, Naxçıvan belə bir sərgidə iştirak edir. Azərbaycanda ilk dəfə torpaq islahatı məhz Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilib. Uzun illər Naxçıvan blokadada yaşayıb, buna baxmayaraq dövlət başçısının yürütdüyü siyasət nəticəsində Naxçıvan xüsusi model əsasında inkişaf edir. Bu gün Naxçıvanda istehsal edilən bütün məhsullar təbiidir. Naxçıvan fermerləri organik məhsulları yetişdirməyə daha çox üstünlük verir. Məşğulluq imkanının artırılması, insanların rifahının yaxşılaşdırılması dövlətin başlıca şərtlərindən biridir. Kənd təsərrüfatı məhsullarının istehsalı ölkənin ərzaq və qida təhlükəsizliyində başlıca şərtlərdən biridir...
Daha sonra cənab Prezidentin “Orqanik Naxçıvan” adı altında sərgilənən və sərgiyə qatılan hər kəsin xüsusi maraq dairəsində olan Naxçıvana məxsus pavilyona yaxınlaşmasını, Xəyalə xanımın gözəl tədqimatını heyranlıqla izləyən Fulya: “Bir gün ben de Onun gördüyü güzel işlerin çekimi için Nahçivana giderim, kendisiyle güzel bir program yapmaqdan şeref duyarım! Bravo! Ben Tarım Bakanlığında çalışan böyle bir yetenekli kadın ilk kez görüyorum. Nasıl da hoş, pozitiv bir enerjisi var. Müdhiş bir hatun!” – deyə alqışlayır... Beləcə Xəyalə xanımın özünün xəbəri belə olmadan Ondan minlərlə kilometr uzaqlarda haqqında danışırıq, gördüyü işləri təqdir edirik... İnsan üçün özü olmadığı yerlərdə əməllərinin təqdirəlayiq dəyərləndirilməsindən daha uca ad nə ola bilər ki?!...
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Xəyalə xanım şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, artıq  sözündə bütövlüyünü  işində şəffaflığıyla, əməlləriylə sübuta yetirib...
         Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən o yolu bulmaq, düşüncələrdə üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı və fədakarlığı ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən gözəl Xəyalə xanımın əməyini ayaqüstə alqışlayırıq...
Bu dünyada peşə vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, təmiz sözün və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Xəyalə Xanım Dadaşovanın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, zərif çiyinləriylə böyük mənəvi sorumluluqları üstlənən və görəvini ən üst düzeydə tamama erdirən sevgili Xəyalə Xanım!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi vicdanlı, dürüst, zəhmətkeş, peşəsinə vurğun, dəyanətli insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, sadəliyini, səmimiyyətini özünün, sözünün, işinin, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, bu torpaq Xəyalə xanım Xalıqverdi qızı Dadaşova ləyaqətdə ər qeyrətli qadını, belə qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
Xəyalə Zərrabqızı
filologiya üzrə fəlsəfə doktoru


 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum