Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

Ömrümüzə - Yolumuza İşıq Adam... 

05 Nisan 2024 - 14:52 - Güncelleme: 05 Nisan 2024 - 15:15


Ömrümüzə - Yolumuza İşıq Adam... 

Prof. Dr. Cemal Kurnaz ve Dr. Heyale Zerrabkızı

Söz halallıqdır... Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən dəyərli Ustadımız professor Cemal Kurnaz müdriklik nərdivanının 67-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yolu  qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən yastıq kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayası kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Antalyada – Taşlıca köyündə doğulub Cemal Hoca... Həyat məktəbinə də, məktəb həyatına Taşlıca köyündə qədəm qoyub. Orta təhsilini müvəffəqiyyətlə tamamlayıb ali təhsil aldıqdan sonra cəfakeş, zəhmətkeş gənc Cemal bəy zaman keçdikcə fədakar ürəyi, elmi və ədəbi işığı ilə özü bütöv bir nəsil üçün, ədəbi gənclik üçün Yol olan Cemal Hocaya, Ədəbiyyatşünaslıq Elmimizdə və Türk milli məfkurəmizdə öz dəsti-xətti ilə Məktəb yaradan Professor Cemal Kurnaza çevrilib...
“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar Öyrətməndir!” – deyir böyük Mustafa Kamal Atatürk. Bu gün Türk dünyasında Mustafa Kamal paşanın şərəfli yolunu qəlbində, ruhunda, işıqlı əməllərində yaşadan, öyrədən və sağlam düşüncəsinin təməlini qoyduğu gəncləri o qutlu yolda yürüdən “fikri hürr, vicdanı hürr, irfanı hürr” Hocalar ordusunun ən öndə gedənidir Cemal Hoca...
"TRT Belgesel"də hər bazar ertəsi "Su savaşları" verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb-düşür, əl-ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, Tanrıya şükür edə-edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir... Və hətta bəzən sevincdən hönkür-hönkür ağlayıram da...
Qəribədir... heç özüm də bilmədən nədənsə hər dəfə "Su savaşları"nın son kadrlarını izləyəndə Ustadım – Mənəvi Atam bildiyim Cemal Hocam gəlib gözlərimin önündə dayanır. Beynimdə həmişə belə assosiasiya yaranır ki, o susuz Afrikada suyu tapdığı an dünyanın ən xoşbəxti olan körpələr kimi Cemal Bəy də mənim bu dünyadakı ən böyük tapıntımdı...
Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozkırlarından elə də fərqi yoxdu... Gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Cemal Bəy kimi insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.
“Benim bedenimin babası Ali Rıza Efendi, fikirlerimin babası ise Ziya Gökalp’tir”, - deyir Mustafa Kamal Paşa. Bu gün bizim öz milli kimliyini, tarixi köklərini dərk edən bir Türk gəncliyi olaraq yetişməyimizdə professor Cemal Kurnazın elmi-ədəbi irsinin, monumental tədqiqat əsərlərinin, özəlliklə “Türkülərin gücü”, “Türküdən qəzələ”, “Türküdən şeirə”, “Türkün məktəbi – türkü məktəbi”, “Divan ədəbiyyatı və Türk kimliyi”, “Döyüşçü millət”, “Türk olmaq”, “Tikana su vermək”, “Bir köy vardı”, “Müəllimlik sevdası”, “Bir ovuc sevinc”,”Qədim türk ədəbiyyatı”, “Divan dünyası” kitablarının misilsiz rolu vardır.  
Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini, Türk kimliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət və əsalət öyrəndiyimiz Cemal Hocamıza borcluyuq!
Böyük Mustafa Kamal Paşanın ideoloji yolunu,  Məhəmməd Əmin Rəsulzadənin ədəbi işığını, İsmayıl Qaspıralının  “dildə, fikirdə, işdə birlik” amalını, Ziya Göyalpın, Hüseyn Nihal Atsızın, Əli Bəy Hüseynzadənin türk məfkurəsini – Turan düşüncəsini günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir professor Cemal Kurnaz…
Həm də Cemal Hoca mənim mənəvi Atamdır. Bir ata övladını qorumaq üçün bütün gücünü necə səfərbər edirsə, Cemal bəy bir Ata qayğıkeşliyi ilə söylədiyi sözləri, yazdığı öğütləri ilə izaholunmaz bir şəkildə  hər zaman həyat yolumda mənəvi dayağım olub – Ruhuma varlığı ilə məlhəm olan Adam...
Cemal Kurnaz ... nəhayətsiz sevgilərimin və sonsuz təşəkkürlərimin ünvanı - Böyük hərflərlə ADAM...
Bizə həyatda düzgün yaşamaqdan daha uca heç nə olmadığını öyrədən Halal Adam, Təmiz Adam, Müdrik Adam…
Ömrünün hər dönəmində, həyatın – taleyin hər çətin sınağında içindəki ədalət tərəzisini əyilməyə qoymayan Adil Adam… Dürüst Adam…
Özü ən ləyaqətli örnək olmaqla mənəviyyatımızı, daxili dünyamızı, düşüncələrimizi formalaşdıran, Ruhumuzun, mənəvi dünyamızın Memarı – Uca Adam…
Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan, hamıya yanan Qayğıkeş Adam…
Səmimiyyətin və Sadəliyin böyüklüyünü öz şəxsində bütövləşdirən Uca Ürəkli Adam…
Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran məsuliyyət nümunəsi olan Adam…
Çiynini cəmiyyətimiz üçün mənəvi sütun eyləyən, ömrünü şam kimi əridən fədakar Adam!
***
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Cemal Bəy öz işığı – ziyası, dərin düşüncəsi, səmimiyyəti ilə ürəklərə gedən o yolu çoxdan fəth edib və peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, sevgisi, vicdanı, fədakarlığı, böyük ürəyi ilə mənim dünyamda Min İlin Doğmasına çevrilib...
Azərbaycan yazıçısı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş "Rəmiş" adlı maraqlı bir hekayəsi var: "Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş "Segah" çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var" - deyir.
Nədənsə, Cemal Hoca haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Cemal Hocanın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, "kişiliyim çatmasa da", peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və sağlam təfəkkürlü bir toplum formalaşdırmaq üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm...
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Cemal Hoca şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Cemal Hoca məhz o insanlardandır…
*****
Hüseyn Cavid "Naxçıvana nə lazımdır?" məqaləsində yazırdı ki: "Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün "ən doğru meyar, ən kəsdirmə yol" kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.
"Həsb – hal" məqaləsində yazırdı ki, "bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır". Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
Bu gün biz Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, bu məhz Prof.dr. Cemal Kurnazın bütün şərəfli ömrünü həsr edərək ərsəyə gətirdiyi kitabları ilə bizə öyrətdikləri sayəsindədir.
Türk millətinin gənc işıqlı qələmləri də, vatansever  yazı əhli də Sizlərin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Cemal Hoca!
Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Atamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Ki, Siz bu şərəfli peşənin öhdəsindən ən şərəflə gələnlərdənsiniz...
Dərs verdiyi, həyata hazırladığı minlərlə gəncin içində ədalət tərəzisini bərqərar edən, daxili dünyamızda Haqq səsinə çevrilən Ustadımız  professor Cemal Kurnazın yaşadıqlarını kitab kimi vərəqlədikcə onun şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə Türk gəncliyi üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur...
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Cemal Hoca məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının –insanlığın Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla Türk və Turan düşüncəsinə həsr edən vətəndaş ziyalı…
***
Seyran Səxavətin "Nekroloq" romanında çox təsirli bir epizod var. Əsərdə təsvir olunur ki, kənddə bir başıpapaqlı qalmışdı, o da çolaq idman müəllimi idi. Çolaq idman müəllimi hər gün məktəbliləri kəndin yollarında yeridir ki, kəndin yolları ot-alaf altında itib-batmasın. Axı yollar insanayaqları altında tapdananda yol olur. Adam adama qarğış edəndə deyir ki: Qapında ot bitsin... Bu elə qapın bağlı qalsın, - deməkdir. Qapıda o vaxt otbitir ki, gəliş-gediş olmur. "Nekroloq"da təsvir olunan kənd o vəziyyətdə idi. İdman müəllimini için-için yandıran dərd də bu idi, kəndin – məmləkətin qapısı bağlı qalmışdı...
"Kənddən yolaşana qədəriki-üç kilometr olardı. Bədən tərbiyəsi müəlliminin məktəbdə hörməti vardı,onun bir sözünü iki eləməzdilər, əslində, heç söz deyən də deyildi ki, iki eləsinlər,ya eləməsinlər. O hər gün köhnəlib torpağa qarışmaqda olan yolun kəndə girəcəyində dayanıb şagirdləri gözləyirdi. Yuxarı siniflərin arıq-uruq, sınıq-salxaquşaqları onun başına yığışardı. Gündə bir dəfə yolaşana qədər gedibqayıdırdılar, bəzən də iki gündən bir – özü də xeyli uşaq idi - əlli-altmış nəfərolardı. Bu minvalla yarımcan yol yavaş-yavaş cana gəlib yola oxşamağa başlayırdı. Bu minvalla bədən tərbiyəsi müəllimi yolu ölməyə qoymurdu – adını da qoymuşdu ki, idman sağlamlığın rəhnidir"...
Bəli, bu gün qaranlığa üsyan etməkdənsə, o qaranlığı nura boyamaq üçün gücü çatan bircə şamı belə yandıran müəllimlərimiz var. Seyran Səxavətin vurğuladığı kimi peşə vicdanını hər şeydən uca tutan o ləyaqətli müəllimlər heç vaxt "çolaq ayaq"larını, "şikəstlik"lərini, fiziki ya mənəvi əzablarını düşünmədən millətin sabahı üçün özlərini fəda ediblər və etməkdədirlər. Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ dağılmayıbsa, əlbət ki, bütün ruhuyla, varlığıyla yetirmələrini şikəst qoymamaq üçün o "tək ayağını" cəmiyyət üçün sütun edən müəllimlərin– ziyalıların sayəsindədir.
Bu toplumun mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizlərin – Sizin kimi Hocalarımızın sayənizdədir, Cemal Hocam!
Öyrətmən sadəcə elm öyrədən deyil, yetirmələrinin xarakterindəki naqislikləri tərbiyə edə-edə, rəndə kimi cəmiyyətin kələ - kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır - Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır...
İllər öncə Yəmən məktəblərinin birində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru bir dəlik yaranıb. Gənc bir öğretmen sarı – qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Öğrenciler hər geriyə dönüb baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli, Öğretmen dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır...
Siz həyatımızdakı bütün bomba dəliklərini Günəş yapan qəlbimizdəki o Bilgə İnsansınız, Cemal Hocam!
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır... Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Cemal Hocam!
Sizin üstləndiyiniz öğretmenlik missiyası, hocalıq görəvi bir də ona görə ülviləşir və qutsallaşır ki, Siz təkcə öz ailənizdə böyütdüyünüz övladlarınıza deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə həm Müəllim, həm mənəvi Valideyn - Ata olmağı bacarmısınız.
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
- sanki Sizin şeninizə söylənib bu nəğmə, dəyərli Cemal Hoca! Yetişdirdiyiniz gənclər Sizin əsərlərinizdir - tikdiyiniz qalalardır...
Öğretmen olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük yazıçı, ən böyük sənətkar ola bilməkdi...
Öğretmen olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi...
Öğretmen olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...
Siz Özü ən ləyaqətli örnək olmaqla, Öğretmen kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və düşüncəmizi formalaşdıran, mənəvi dünyamızı inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memarsınız, Cemal Hocam!...
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"
Nə mutlu bizə ki, Cemal Hoca kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Nə mutlu bizə ki, kitablarından, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət öyrəndiyimiz Cemal Hocamız var Yolumuzun başında. Nə yaxşı ki Var!...
***
Böyük Nazim Hikmət deyir ki, “Mutluluk səhər işə, axşam evə tələsməkdir”. Ustadım, ailə dəyərlərini həyatındakı hər  dəyərdən, aldığı hər ali dərəcədən uca tutan Professor  Cemal Kurnaz və onun bütün şərəfli ömrünü birgə addımladığı dəyərli xanımı, nur üzlü, saf uşaq məsumiyyətini hələ də qoruyan mələk simalı , şişək ətirli Anamız professor Şefika hanım Kurnaz mənim ürəyimdə bütün varlığıyla o mutluluğun formulu və “Ailə kiçik dövlətdir” deyiminin açarıdır... Bu iki gözəl insanın sevgi və ilahi anlayışla bina etdiyi ailəni həmişə özümə və bütün gəncliyimizə örnək olaraq düşünmüşəm. 
1946-cı ildə Texasda dərc olunan “The Port Artur News” qəzetində Marill Frost haqqında maraqlı bir məqalə dərc olunur. “Amerika futbolu” idman növündə qazandığı nailiyyətlərə görə o, “ən yaxşı idmançı” adına layiq görülür. Marill özü isə bu hadisəni belə şərh edir: “Mən güclü kişi deyiləm, arxamdakı qadın
güclüdür...” Nədənsə bu sətirləri qələmə aldıqca Marill Frostun o fikri mənə Cemal Hocamızın vəfalı yarı, dəyərli Şefika hanımı xatırlatdı...
Professor Cemal Kurnazın altına imzasını qoyduğu elmi nailliyyətlərin mənəvi güc qaynağını, poetik yaradıcılığının ilham mənbəyini həmişə Şefika hanımın varlığına bağladığı üçün ürəklə deyə bilərik ki,
Şefika hanım öz üstləndiyi ilahi missiyanı bir ömür uzunu çox şərəflə yerinə yetirib. Cemal Hocanın arxasında dayanan zərif, qayğıkeş, təvazökar, sevgi və hüzur dolu xanımdı Şefika hanım – saf çöhrəsi ilahinin ən gözəl nuru ilə süslənmiş, Cemal Hocaya təkcə həyat yoldaşı yox, həm də ömür sirdaşı kimi arxa-dayaq olan Arxadakı Qadındı...
Arxadakı Qadın – ön cəbhəni qoruyana dayaq olan arxa cəbhədəki əsgərdir...
Arxadakı Qadın – səhnədə, öndə sadəcə əməyi görünən, özü isə fonda o möhtəşəm səhnəni yaratmaq üçün min bir əziyyətə qatlaşan rejissordu...
Arxadakı Qadın – yaranışından çiyninə qorumaq missiyasını götürəndi.
Arxadakı Qadın – dünyanın bu “qaçaqaç”ında, hamının yaddaşına virus düşdüyü, haqq itirdiyi bir zamanda haqqı və ədaləti əyilməyə qoymayan, ailə dəyərlərini öz səbri, əsaləti ilə bərqərar edən mizan tərəzidi...
Arxadakı Qadın – Ailə Qalasının Qapısıdır. Dünyanın ən böyük çətinliklərinə sinə gərən, bütün eybəcərliklərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daim açıq olan, həm də qucaq açdığını Qala kimi qoruyandı.
Arxadakı Qadın – İşıqdı... Üzünün nuruyla qaranlığı aydınlatandı...
Arxadakı Qadın – yasəmən ətirli Şefika hanımdı!
Mən Şefika hanımın Cemal Hocaya olan uca sevgisi, mənəvi dəyər kimi qoruyuduğu Ailə müqəddəsliyi – Qadın və Ana ucalığı, nurlu üzü, böyük ürəyi qarşısında sayğıyla baş əyirəm!
İnsanların bir aylıq karantində bir damın altını paylaşmağa təhəmmül edə bilmədiyi bir mühitin içində 40 ilə yaxın bir zaman Ailə adlanan ömür karvanını  keşməkeşli yollarda büdrəməyə qoymayan, bu cür qoruyub  saxlayan Sizləri tanımaq, Sizin kimi insanların – ailələrin varlığını duymaq ayrıca bir səadətdir...
Mirzə Ələkbər Sabir nə gözəl deyib: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçuklardır... Professor Cemal Kurnazın Türk dünyasında qazandığı bütün statuslardan ən Ucası Ləyaqətli övladlar yetirən Ata və mükəmməl Ailə başçısı adıdır... İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?! Cemal Hoca zəngin dünyagörüşlü, sağlam məfkurəli, yüksək əxlaqlı ilahidən nur kimi mükəmməl övladlar böyüdüb ocağında...Tanrı qorusun!

Prof. Dr. Cemal Kurnaz ve Dr. Heyale Zerrabkızı ve babası Zerrab Efendiyev.

Dəyərləri itən, insanları bozlaşan bu dünyada nə yaxşı ki varlığı ilə rəngləri solmağa və işığımızı sönməyə qoymayan Sizlər varsınız, Hocam! Nə yaxşı Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir cütlüyün (sözün həqiqi mənasında isə bir Bütövün...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq professor Cemal Kurnaz düşüncədə və professor Şefika hanım ləyaqətdə qutsal və uca, bir ürəkdə, bir ruhda, bir canda birləşə, bütövləşə bilən, BİR olmağı bacaran İnsanları yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
Dr.Hayale Zerrabkızı
Bakü Devlet Universitesi
Azerbaycan

 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum