NƏ GÖZƏL ÜZLƏ DÖNDÜN TANRININ QAPISINA…
48 sənə öncə günəşli bir yaz səhəri Tanrıdan bir Nur parçası qopmuşdu…
Həyata göz açdığı o yaz günü təki Varlığı ilə Günəş doğmuşdu məmləkətimizin üzərinə, Günəş kimi isitmişdi üşüyən ruhumuzu...
Bütün şərəfli ömrünü əqidə birliyimizə, milli düşüncə bütövlüyümüzə, Qarabağ yarası bayraqla sarınmış Azərbaycanımızın Təbrizli, Zəncanlı, Xudafərinli günləri üçün mücadiləyə adamışdı...
Yaşasaydı Türk ulusu, ülküsü, Türk dünyası - Turan elləri adına daha böyük işlər görəcəkdi…
Doğulduğu gün İlahidən qutsal bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…
Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…
Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…
Dünya boyda ürəyində bir dünya arzuları vardı…
Gənc yaşında müdrikliyi, onurlu duruşu, cəsarəti, mərd xarakteri ilə Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…
Gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…
Bu, Allahın Qənirə Ələsgər qızı Paşayeva adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…
Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…
Qənirə Xanım bu gənc ömrünü şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Turan ellərinin əngin səmalarında dalğalanan lacivərd bayrağın şəfəqlərinə, Qarabağda ucalan Azadlıq nidalarına calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…
Böyük Turan Yolunun fədaisi kimi – milli məfkurəmizin bilgəsi, müqəddəs cihadımızın şəhidi kimi üz tutdu Göylərə…
Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…həm də su kimi bərraq, elə gəldiyi paklığında…
Nə böyük ucalıqmış bu, Qənirə xanım! Nə gözəl üzlə döndün Tanrının qapısına!
Tanrı Dərgahında– Əbədiyyətdəki Doğuluşun, Ucalığın mübarək, qənirsiz Qənirə xanım!
Tanrı dağlarında Görüşənədək, Mənəvi Anam!
Tanrı dağlarında köksünə sığınanadək, Doğma Adam, Əziz Adam, Su kimi tərtəmiz Adam!
*Xəyalə Zərrabqızı/Filologiya üzrə fəlsəfə doktoru
FACEBOOK YORUMLAR