Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

Misir Mərdanov Azərbaycan Təhsilinin kitabını yazan Adamdı…

10 Şubat 2024 - 19:20

Misir Mərdanov Azərbaycan Təhsilinin kitabını yazan Adamdı…



Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Misir müəllim haqqında bu yazı, əslində, lap çoxdan içimdə yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş.
Ötən gün övladlarımı günəşi salamlamaq, ilk baharı qarşılamaq üçün gəzintiyə aparmışdım. Tanrının gözəl bir zamanlamasından həmin vaxt çox dəyərli böyüyümüz Misir Mərdanovun direktoru olduğu Riyaziyyat və Mexanika İnstitutundan iş çıxışına təsadüf etdiyindən Əziz müəllimizi görmək, əlindən öpmək qismətimiz oldu. Qəflətən körpələrin ikisi də əlimi buraxıb “Misir baba” deyib Misir müəllimin qucağına qaçdılar. Bu dünyanın ən ideal tərəzisi uşaqların qəlbi, ən qiymətli ölçü əyarı körpə qəlbində pöhrələyən sevgidir. Onların gözündəki mərtəbədən, onların qəlbindəki ucalıqdan, onların içindəki sevgidən daha böyük fəxri ad təsəvvür edə bilmirəm ...
Körpələrin ilahi bir doğmalıqla Misir babanı qucaqlaması məni çox kövrəltdi. Həmişə Ustadım bildiyim, bir alim kimi, müəllim kimi, insan kimi, vətəndaş kimi yetişməyimdə kitabları ilə Yolumuza işıq olan Misir Mərdanov haqqında yazmağa içimdə bir mənəvi ehtiyac hiss etdim…
Misir Mərdanov Azərbaycan təhsilinin məhək daşıdı... Bütün zamanlarda, hər yerdə tarazlığı qorumağı bacaran mizan-tərəzidi, məslək etikasını həyatının ölçü vahidinə çevirən sadə, səmimi, saf, halal ziyalı örnəyidi. Təhsil naziri, universitet rektoru, dünyaca tanınan akademik, cild-cild kitablar müəllifi olmaqdan daha Uca İnsandı... Hamımıza mənəvi valideyn olmağa bacaran bu böyük ürəkli İnsan indi isə həyata yenicə pərvazlanan balalarımızı sevgisiylə əhatələyən qayğıkeş Babadı...
Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran Misir müəllim çalışdığı bütün kollektivlərdə hər kəsə nümunə ömrüylə sadəliyin və səmimiyyətin böyüklüyünü öz şəxsində bütövləşdirən Uca ürəkli Adamdı...
Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.
Nədənsə, Misir müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Misir müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və sağlam təfəkkürlü bir toplum formalaşdırmaq üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bu yazımı yazmağın vacib olduğunu düşünürəm...
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Misir müəllim şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Misir müəllim məhz o insanlardandır…
Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitablarından həyat dərsi aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət və əsalət öyrəndiyimiz Misir müəllimə borcluyuq!
Böyük Nəsib bəy Yusifbəylinin Cumhuriyyət amalını, Rəşid bəy Qaplanovun, Həmid bəy Şahtaxtinskinin, Nurməmməd Şahsuvarovun maarif işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir elm sahibidir Misir Mərdanov…
Misir müəllim ilk gənclik illərimizdən sağlam düşüncəmizi bina edən, bizi arzularımızın arxasıyca aparmağı bacaran insandı…
Misir Mərdanov bizləri peşə vicdanına sadiq bir öyrətmən olaraq yetişdirən, mənəvi dünyamızın, ruhumuzun memarı olan, ürəklə “Mən bir müəlliməm!” deməyimizi sağlayan Hocalar Hocasıdır, mənəvi hamimiz və Ustadımızdır!
Dəyərlərin aşındığı, şagird – valideyn – müəllim- məktəb – kitab zəncirində həlqələrin qopduğu, ilişkilərin çat verdiyi bir toplumun tən ortasında Böyük Cavid əfəndinin, Firidun bəy Köçərlinin, Məhəmməd Tağı Sidqinin yaratdığı məktəb ənənəsini, maarif işığını sönməyə qoymayan, gördüyü misilsiz işlərlə və müdrikliyi ilə hamımıza Bilgə yolgöstərəndi Misir müəllim!
Bu gün ilahinin verdiyi ömür payının və  məsləyinin halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən dəyərli Misir Mərdanov müdriklik nərdivanının 77-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yolu  qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən yastıq kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayası kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur…  Başkənt Bakıdan çox uzaqlarda Göyərçin köyündə doğulub Misir müəllim... Həyat məktəbinə də, məktəb həyatına  köydə qədəm qoyub. Orta təhsilini müvəffəqiyyətlə tamamlayıb ali təhsil aldıqdan sonra cəfakeş, zəhmətkeş gənc Misir zaman keçdikcə fədakar ürəyi, elmi və işığı ilə özü bütöv bir nəsil üçün, gənclik üçün Yol olan Misir müəllimə, Elmimizdə və  milli məfkurəmizdə öz dəsti-xətti ilə Məktəb yaradan akademik Misir Mərdanova çevrilib...
***
Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki: “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.
“Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
Bu gün biz Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, “iç mən”imizə sadiq qala biliriksə, Məslək və alim əqidəmizi Vicdanımız kimi qoruya biliriksə, bu məhz Misir müəllimin bizə öyrətdikləri sayəsindədir.
Bu cəmiyyətin ən işıqlı gənc qələmləri də, gənc ziyalıları da Sizlərin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Misir müəllim!
Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Atamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Ki, Siz bu şərəfli peşənin öhdəsindən ən şərəflə gələnlərdənsiniz...
Dərs dediyi, həyata hazırladığı minlərlə gəncin içində ədalət tərəzisini bərqərar edən, daxili dünyamızda Haqq səsinə çevrilən Ustadımız Misir Mərdanovun yaşadıqlarını kitab kimi vərəqlədikcə onun şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur...
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Misir müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının –insanlığın Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla millətin yüksək təhsilinə və sağlam düşüncəsinə həsr edən vətəndaş ziyalı…
***
Seyran Səxavətin “Nekroloq” romanında çox təsirli bir epizod var. Əsərdə təsvir olunur ki, kənddə bir başıpapaqlı qalmışdı, o da çolaq idman müəllimi idi. Çolaq idman müəllimi hər gün məktəbliləri kəndin yollarında yeridir ki, kəndin yolları ot-alaf altında itib-batmasın. Axı yollar insan ayaqları altında tapdananda yol olur. Adam adama qarğış edəndə deyir ki: Qapında ot bitsin... Bu elə qapın bağlı qalsın, - deməkdir. Qapıda o vaxt otbitir ki, gəliş-gediş olmur. “Nekroloq”da təsvir olunan kənd o vəziyyətdə idi. İdman müəllimini için-için yandıran dərd də bu idi, kəndin – məmləkətin qapısı bağlı qalmışdı...
“Kənddən yolaşana qədər iki-üç kilometr olardı. Bədən tərbiyəsi müəlliminin məktəbdə hörməti vardı, onun bir sözünü iki eləməzdilər, əslində, heç söz deyən də deyildi ki, iki eləsinlər,ya eləməsinlər. O hər gün köhnəlib torpağa qarışmaqda olan yolun kəndə girəcəyində dayanıb şagirdləri gözləyirdi. Yuxarı siniflərin arıq-uruq, sınıq-salxaq uşaqları onun başına yığışardı. Gündə bir dəfə yolaşana qədər gedib qayıdırdılar, bəzən də iki gündən bir – özü də xeyli uşaq idi - əlli-altmış nəfər olardı. Bu minvalla yarımcan yol yavaş-yavaş cana gəlib yola oxşamağa başlayırdı. Bu minvalla bədən tərbiyəsi müəllimi yolu ölməyə qoymurdu – adını da qoymuşdu ki, idman sağlamlığın rəhnidir”...
Bəli, bu gün qaranlığa üsyan etməkdənsə, o qaranlığı nura boyamaq üçün gücü çatan bircə şamı belə yandıran müəllimlərimiz var. Seyran Səxavətin vurğuladığı kimi peşə vicdanını hər şeydən uca tutan o ləyaqətli müəllimlər heç vaxt “çolaqayaq”larını, “şikəstlik”lərini, fiziki ya mənəvi əzablarını düşünmədən millətin sabahı üçün özlərini fəda ediblər və etməkdədirlər. Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ dağılmayıbsa, əlbət ki, bütün ruhuyla, varlığıyla yetirmələrini şikəst qoymamaq üçün o “tək ayağını” cəmiyyət üçün sütun edən müəllimlərin– ziyalıların sayəsindədir.
Bu cəmiyyətin mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizin sayənizdədir, əziz Misir Müəllim!
Öyrətmən sadəcə elm öyrədən deyil, yetirmələrinin xarakterindəki naqislikləri tərbiyə edə-edə, rəndə kimi cəmiyyətin kələ - kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır - Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır...
İllər öncə Yəmən məktəblərinin birində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru bir dəlik yaranıb. Bir müəllim sarı – qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Şagirdlər hər geriyə dönüb baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli, Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır...
Siz həyatımızdakı bütün bomba dəliklərini Günəş yapan qəlbimizdəki o Bilgə İnsansınız, Misir Müəllim!
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır... Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Misir Müəllim!
Sizin üstləndiyiniz müəllimlik missiyası, hocalıq görəvi bir də ona görə ülviləşir və qutsallaşır ki, Siz təkcə öz ailənizdə böyütdüyünüz övladlarınıza deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə həm Müəllim, həm mənəvi Valideyn olmağı bacarmısınız.
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərli Misir Müəllim! Yetişdirdiyiniz gənclik Sizin əsərlərinizdir - tikdiyiniz qalalardır...
Müəllim olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük yazıçı, ən böyük sənətkar ola bilməkdi...
Müəllim olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi...
Müəllim olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...
Siz Özü ən ləyaqətli örnək olmaqla, Müəllim kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və düşüncəmizi formalaşdıran, mənəvi dünyamızı inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memarsınız, Misir Müəllim!...
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"
Nə mutlu bizə ki, Misir müəllim kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Nə mutlu bizə ki, kitablarından, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət öyrəndiyimiz Misir müəllim var Yolumuzun başında. Nə yaxşı ki Var!...
“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar Öyrətməndir!” – deyir böyük Mustafa Kamal Atatürk. Bu gün “fikri hürr, vicdanı hürr, irfanı hürr” Müəllimlər ordusunun ən böyük Ustadıdır Misir müəllim...
 Təhsil verib həyata hazırladığı yetirmələrini qanadlarının altına alan nəhəng bir qartala bənzətmişəm həmişə Misir müəllimi. Onun dünya böyüklükdə ürəyinin himayəsi qədərdi qanadlarının ənginliyi – köksünə sığdırdıqları yetirmələrinin bir parası Təbrizdə,  bir parası Buxarada, bir parası Daşkənddə, bir parası İstanbulda, bir parası Berlində, bir parası Londonda... Hərəsi Misir müəllimin gözünün işığından, ürəyinin sevgisindən bir ovuc pay aparıb getdikləri ölkəyə... Və əkdiyi toxumların bar verən bəhrəsiylə Misir Mərdanov hər yerdədir.


Mustafa Kamal Atatürk yazır ki: “Benim bedenimin babası Ali Rıza Efendi, fikirlerimin babası ise Ziya Gökalp’tir”.
Bu gün bizim öz milli kimliyini, tarixi köklərini dərk edən ziyalı gənclik olaraq yetişməyimizdə akademik Misir Mərdanovun elmi irsinin, monumental tədqiqat əsərlərinin, özəlliklə “Azərbaycan təhsil tarixi” (4 cilddə), “Azərbaycan təhsil nazirləri”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Təhsil millətin gələcəyidir”, “Azərbaycan təhsili Xalq Cumhuriyyəti illərində (1918-1920)”, “Davamlı inkişaf və təhsil” kitablarının misilsiz rolu vardır. 
Yaxşı xatirimdədir ki, 2012-ci ildə 525-ci qəzet”in hər şənbə sayında Misir müəllimlə müsahibə dərc olunurdu. 3 ay davam edən silsilə 11 müsahibəni ardıcıl oxumuşdum və Misir müəllimin son dərəcə geniş vizyonuna, zəngin dünyagörüşünə, dərin mütaliəsinə heyran qalmışdım. Və o müsahibələr kitab şəklində işıq üzü görəndə məni daha çox kitabın sonluğundakı “Unikal həmsöhbət” duyğulandırmışdı… Misir müəllimin ömür sirdaşı Klara xanımın duyğu dolu, saf, körpə uşaq məsumiyyəti hopan sözlərindən Misir müəllimin böyüklüyünü bir daha kəşf etmişdim.
Məmməd İsmayılın gözəl bir misrası var: “Bir adam yol gedir bizdən qabaqda...”
Nə xoşbəxt gənclərik ki, bizdən qabaqda belə xəmirinin mayası halallıqdan yoğrulan Misir müəllimlə Klara xanım kimi gerçək bir bütöv olmağı bacaran İnsanlar gedir… Bu iki gözəl insan əl-ələ verərək qurduğu gözəl bir ailə modeli ilə həm də bizlərə Ailə məktəbinin ən gözəl örnəyini öz varlıqları və sevgiləri ilə gözlərimiz önündə sərgiləməkdədirlər. Var olsunlar!
Və bizlər Misir müəllimin elmi, pedaqoji uğurlarının ideya həmmüəllifi olaraq  qiymətləndirməliyik həmişə dəyərli Klara xanımı... Nə yaxşı ki Varsınız!
İnsanların bir aylıq karantində bir damın altını paylaşmağa təhəmmül edə bilmədiyi bir mühitin içində 50 il Ailə adlanan ömür karvanını  keşməkeşli yollarda büdrəməyə qoymayan, bu cür qoruyub  saxlayan Sizləri tanımaq, Sizin kimi insanların – ailələrin varlığını duymaq ayrıca bir səadətdir...


Mirzə Ələkbər Sabir nə gözəl deyib: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçukdur... Akademik Misir Mərdanovun Azərbaycan mühitində qazandığı bütün statuslardan ən Ucası Ləyaqətli övladlar yetirən Ata və mükəmməl Ailə başçısı adıdır... İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?! Dəyərləri itən, insanları bozlaşan bu dünyada nə yaxşı ki varlığı ilə rəngləri və işığı öləziməyə qoymayan Sizlər varsınız, dəyərli Misir müəllim!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, məsləyini, əqidəsini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın (sözün həqiqi mənasında böyük hərflərlə İNSANın...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq akademik Misir Mərdanov keyfiyyətdə və ləyaqətdə qutsal və uca bir İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...


Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru








 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum