Dr. Heyale ZERRABKIZI

Dr. Heyale ZERRABKIZI

[email protected]

Tanrı dağa bənzəyən Adam...

13 Temmuz 2024 - 09:44

Tanrı dağa bənzəyən Adam...

Tanrı dağını görməmişəm mən... Amma Ona hər baxanda elə bilmişəm ki, Tanrı dağın ətəklərindəyəm!...
Cavanşir Müəllim elə bir ucalıqdır ki, adam Ona hər baxanda içini, ruhunu, qəlbini təmizləyib Onun  paklığında durulmaq istəyir...
Bir gün bir parça kətan üzərinə şəklini çəkmək istəmişdim... Qəribədir, bir neçə saatdan sonra mən o kətanı boyayıb tamamlayanda orda kitab, su, işıq və bir qucaq çiçək çəkdiyimin fərqinə vardım... Bu, məndən qeyri-ixtiyari baş vermişdi... Şüuraltım Onu necə qavramışdısa, o cür də çəkmişdim... 

Oxuduğum və hər səhifəsindən öyrəndiyim ən dəyərli Kitabımdır Cavanşir Müəllim!
Kamil xarakterindən, müdrikliyindən dərs aldığım Tərbiyə Məktəbidir Cavanşir Müəllim!...
Baxdığım, hər baxdıqca yanlışlarımı düzəltməyə çalışdığım mükəmməl Aynadır Cavanşir Müəllim!
Düşüncələrimin aydınlandığı  ali Elm Məbədimdi, Cavanşir Müəllim!
Sadəliyin böyüklüyünü, mütəvaziliyin, xoşgörülüyün, pak niyyətin, saflığın ülviyyətini öz şəxsində bütövləşdirən  Dəyərdi, Cavanşir Müəllim!



***

“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl - ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə - edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir...
Qəribədir... hər dəfə “Su savaşları”nın son kadrlarını izləyəndə Cavanşir müəllimin  nurlu  çöhrəsi gözlərimin önündə canlanır. Beynimdə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Cavanşir Müəllim mənim bu dünyadakı ən böyük tapıntım, ən uğurlu kəşfimdi...
Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Cavanşir Müəllim kimi varlığına tutunub ilahi hüzur bulduğun insanı tapmaq elə o səhralardakı körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur...
Gözlərindən ürəyinin içi görünən, sözlərindən ruhu duyulan Adamdı Cavanşir Müəllim!
 İşığından pay aldığımız Çıraq kimi Adamdı... 
Körpə gözü təkin saf Adamdı... Sadə Adamdı... Sadəliyin böyüklüyünü yaradan Adamdı... Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı... Düz Adamdı... Təmiz Adamdı... Nida kimi dümdüz Adamdı!
Cavanşir Müəllim öz valideynləri qarşısında necə övlad olubsa, elə o cür də Atadı...
Mirzə Ələkbər Sabirin gözəl bir sözü var: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçukdur... Cavanşir Feyziyevin Azərbaycan mühitində qazandığı bütün statuslardan ən Ucası gözəl övladlar yetişdirən Ata və mükəmməl Ailə başçısı adıdır... İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?! 
Cavanşir Müəllim zəngin dünyagörüşlü, sağlam düşüncəli, yüksək mədəniyyət sahibi, ağıllı və tərbiyəli,  ilahidən nur kimi yaraşıqlı 4 övlad böyüdür ocağında...Tanrı qorusun!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Onun kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini itirən bir toplumun içində Cavanşir Müəllim kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın (sözün həqiqi mənasında böyük hərflərlə İNSANın...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə... Düşünürsən ki, bu torpaq Cavanşir Feyziyev ləyaqətdə qutsal və uca bir İnsanı yetirə bilibsə, demək ki, aydın sabahlara və yaşamağa hələ də ümidimiz qalır...
          ***
Bu dünyada vicdanına qəlbən sadiqliyin, xoş niyyətin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Cavanşir Əyyub oğlu Feyziyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Məktəb olmağı, Kitab olmağı, Günəş olmağı bacaran Adam!
Sağlam, xoşbəxt, bərəkətli ömür diləyiylə:
Xəyalə Əfəndiyeva

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum