«Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir»Mustafa Kamal Atatürk
Artıq 86-cı ildönümünü andığımız, XX yüzilin böyük Türk dövlət adamları sırasındaMustafa Kamal Atatürkün özəl bir yeri vardır. Türk dünyasında, özəlliklə Türkiyədə, Azərbaycanda hesab edirlər ki, Atatürk və Məhəmməd Əmin Rəsulzadə ötən əsrin Türk dahiləri arasında öndə gəlirlər. Akademik Yaşar Qarayevin təbrincə desək, M.Ə.Rəsulzadə və M.K.Atatürk Türk xalqlarının XX əsrdə dünyaya verdiyi iki müdrik əri, iki Türk dahisidir: «İki Türk xalqının iki xilaskarı bu adlar oldular. Türk adını millətlərin və xalqların demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə hətta Atatürkdən də əvvəl Rəsulzadə həkk etdi… Məncə, indi Atatürkün əsil məqbərəsi heç də Türkiyədəki ən möhtəşəm daş-divar, bədii abidə kompleksi deyildir, yox: azad, münəvvər, suveren Türkiyənin özüdür. Və Məhəmməd Əmin Rəsulzadə də Azərbaycanda yalnız belə bir möhtəşəm abidəyə, mənəvi mehraba, milli məbədə köç edə, əbədi qayıda bilər».
Doğrudan da, bugünkü Türkiyə varlğına görə göydə Tanrıya yerdə isə Atatürkə borcludur. Atatürk Qərbin-Avorpanın Osmanlı imperiyasını parça-parça etdiyi, az qala tamamilə məhvinə yaxınlaşdığı bir zamanda dünya səhnəsinə çıxaraq buna yol verməmişdir. Başqa sözlə desək, o, Osmanlının əvvəlki əzəmətini qoruyub saxlamağı bacarmasa da, onun yerində bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərimizin tamamilə yox olmasına dur deyə bilmişdir.
Əlbəttə, Atatürkün qurduğu bugünkü Türkiyə Cümhuriyyətinin varlığı ilə bağlı fərqli düşüncələr ola bilər. Hətta, bu Cümhuriyyətin ideolojisində böyük işlərlə yanaşı, bəzi yanlışlıqlar da vardır. Amma burada önəmli olan dünyada bir Türk dövlətinin olması idi. Atatürk də çalışırdı ki, həmin zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun və yaşatsın. Bu anlamda Atatürkün gah SSRİ, gah da Qərb dövlətləri ilə müəyyən əməkdaşlıqlar etməsi anlaşılandır. Halbuki Osmanlının çöküşündə məhz Avropa və Rusiya mühüm rol oynamışdı.
Hətta, o dönəmlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pozulmasının səbəbkarları da Avropa, özəlliklə Sovet Rusiyası olmuşdu. Sovet Rusiyasının apardığı ikiüzlü siyasət nəticəsində Azərbaycan Cümhuriyyətinin devrilməsi prosesinə Türkiyə ən azı müşahidəçi qalmışdı. Hər halda etiraf etmək lazımdır ki, Türkiyənin və Azərbaycanın bəzi ideoloqları (Mustafa Kamal, Xəlil paşa, N.Nərimanov və b.) ilk dövrlərdə, doğrudan da Sovet Rusiyasına etimad göstərmiş, onun sovetləşmə ideyasının Azərbaycanda reallaşmasında ya maraqlı olmuş, ya da bu prosesdə birbaşa şəkildə iştirak etmişlər. Ancaq sonralar onlar Sovet Rusiyasının «sovetləşmə» ideyası adı altında işğalçılıq siyasətini anlamışdılarsa da, artıq çox gec olmuşdur. Bunu, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk də, Sovet Azərbaycanının rəhbəri N.Nərimanov da etiraf etmişlər. Yəni onlar «sovetləşmə»dən Azərbaycanın, müəyyən mənada da Türkiyənin də qazanacağını ümid etdikləri halda, Sovet Rusiyasının iküzlü və riyakar siyasəti nəticəsində Azərbaycan yalnız müstəqilliyini deyil, həm də torpaqlarını itirmişdir.
Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» kimi ifadə etmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmağa hazır olmalıdırlar: «Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir».
Mustafa Kamalın bu fikirləri göstərir ki, o, heç zaman türklüyü Türkiyə türklüyü ilə məhdudlaşdırmamışdır. Əksinə, ustadı Ziya Gökalp kimi türklüyü Turan ülküsü kimi daha geniş anlamda götürmüşdür. Hər halda Atatürk dövrün gerçəklilklərini nəzərə alaraq zahirən Türkiyə türkçülüyündən çıxış etsə də, bütövlükdə bir turançı idi. Belə ki, Atatürk 1920-1930-cu illərdəki çıxışlarında islamçılıq və turançılıq ideyalarının indiyə qədər heç bir uğur əldə etməməsindən bəhs etmişdir. Atatürkün fikrincə, tək gerçək siyasət milli-ulusal siyasətdir ki, bu mənada «dünyanın bütün türklərini içinə alacaq bir dövlət yaratmaq amacı da gerçəkləşməz düşüncədir» .
Atatürkün zahirən turançılığa bu cür mövqeyinin nəticəsi idi ki, həmin dövrdə bəzi türk ideoloqlar (X.Müşkrim və b.) türkçülərdən və turançılardan fərqli olaraq, milləti ancaq soy, dil göstəricilərilə bəlirləməyib, ona ayrı-ayrı tarixi, sosial, mədəni təsirlərinin qarşılıqlı məhsulu kimi baxırdılar. Onlar təklif edirdilər ki, «türk millətçiliyi»ndən «türk ulusalçılığı»na, yəni «türk beynəlmiləlçiliyi»nə» keçilsin. Ziya Gökalp da yazırdı ki, Türkiyə üçün hazırda türkçülük deyil, real olaraq türkiyəçilik vacibdir. Onun fikrincə, türkçülük-oğuzçuluq və turançılıq isə bütün türklərin gələcək idealıdır. Bu mənada Atatürkün də əsas siyasəti türkçülük deyil, heç bir milli və dini ayrı-seçkilik qoyulmadan vahid türk millətinin yaranması, yəni türkiyəçilik-dövlətçilik üzərində qurulmuşdur.
Əlbəttə, Atatarük əslində Turan sevdalısı idi. Əgər belə olmasaydı Atatürk bütün türkləri öyrənmək naminə Türk Tarix Qurumunu, Türk Dil Qurumunu və başqa təkilatları yaratmazdı. Hər halda Türkiyə Cümhuriyəti qurulduqdan sonra Atatürkün fədakarlığı ilə milli tarixə yönəlik bir sıra işlər görülməyə başlandı (Z.Gökalp, Y.Akçuraoğlu, Z.V.Togan, H.Z.Ülken və b.). Amma bu milli tarixə yönəlik görülən işlərdə Qərb-Avropa təsiri, yəni onlar kimi milli tarix yazmaq istəyi həddən çox olduğu üçün faydası az oldu. Halbuki Atatürkün istəyi formaca Qərb, mahiyyətcə milli-Türk ruhlu tarixin yazılması idi. Ancaq milli şüuru dolaşdırılmış, bir yandan din, digər yandan Qərb təsirindən qurtulamayan, eyni zamanda milli düşüncə tarixindən uzaqlaşdırılan cəmiyyətdə milli tarix yazmaq asan deyildi. Tanınmış türkoloq Əhməd Cəfəroğlu da bunu nəzərə alaraq o zaman yazırdı ki, Azərbaycan və Türkiyə türkləri eyni soyu və dili paylaşdıqları halda, hər iki ölkədən bəzi tədqiqatçıların türk mütəfəkkirlərini «azəri», «türkiyəli» deyə iki yerə parçalamaları yolverilməzdir. Əgər kimlərsə Türkiyənin belə bir yol tutuduğunu hesab edirlərsə yanəlırlar, çünki Atatürk də bu cür ayrımçılığa qarşıdır: «Əgər məqsəd Azəri türk müəlliflərini Anadolu mühərrirlərinə, Azəri türklərini isə Anadolu türklərinə əcnəbi kimi tanıtmaqdırsa, belə olan surətdə Füzuli və Nəsimi kimi böyük türk şairlərini də sadəcə «əcnəbi» Azəri mühitinə daxil edərək onları ümumtürk mədəniyyəti sahəsindən kənarda saxlamaq lazımdır. Halbuki elə dünən Ulu Qazinin (Atatürkün) göstərişi ilə Ankarada toplanan ilk Türk tarix qurultayında Türk birliyinin ana vətəni, mənşəyi, mədəniyyətinin və ümumiyyətlə, bütün mövcudiyyətinin qətiyyən «ayrılıq və qeyrilik» güdülmədən bir küll halında araşdırılması ilə bağlı qərar verilmişdir».
O ki qaldı Atatürkün Qərbləşmə yolunu tutmasına, məncə burada da haqlı məqamlarla yanaşı, məsələnin ifratlaşdırılması da az deyildir. Məsələn, Atatürkün İslama münasibətində, din-dövlət məsələsindəki mövqeyi əsasən normaldır. Atatürkə görə dövlət daima güclü olmalıdır ki, din birliyi tərəfdarları «ümmətçilik» adı altında «qəza-cihad» ideyasına qapılmasınlar. Atatürkün fikrincə, bunu əvəzində toplumda və dövlətdə qəti şəkildə ağlın hakimiyyəti üstün olmalıdır. Bu isə o deməkdir ki, milli və dini dəyərlər yaşatmaq üçün həmişə müasir ruhlu olmaq hər hansı millətin başlıca qayəsi olmalıdır. Yalnız müasir ruhlu milli və dini dəyərlərə sahib millət ayaq üstə durar və dünya durduqca var olar. Ancaq kimlərsə Atatürkün din siyasətini başqa yerə yozur, din adamlarına təzyiq göstəriridilərsə bunun günahkarı o, ola bilməz.
Doğrudur, Atatürk Qərb ideyalarına münasibətdə, yaxud da onu Türkiyədə həyata keçirərkən bəzən yanlışılıqlar olmuşdur. Özəlliklə, Türk insanınn dini və milli mənəvi həyatda Qərbi təqlid etmək doğru deyildir. Bunun nəticəsidir ki, bəzi Avropa alimləri (A.Toynbi, F.Fukuyama və b.) Qərb rasionalizmini Türkiyədə həyata keçirdiyi üçün Atatürkü tərifləyirlər. Toynbi yazır ki, dünənə qədər dünyaya meydan oxuyan türklərin “Qərb”ə üz tutması, özəlliklə bunun Osmanlı türklərinin böyük qərbçilərindən Mustafa Kamal Atatürk tərəfindən gerçəkləşdirilməsi “qərblilər”in açısından olağanüstü bir hal idi. İlk baxışda bu fikirlər Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla “Qərb”ə yönəltmə və “Qərb”i daima ideal görmə istəyi var. Çünki vaxtilə dünyaya meydan oxuyan türklər hələ də “Qərb”ə üz tutmaqdan başqa çarə görmürlərsə, bu “qərblilər”cə böyük bir uğurdur.
Bütün hallarda bugünkü Türkiyə Atatürkün Türkiyəsidir. Əgər kimlərsə Türkiyəni, o cümlədən bütün Türk dünyasını daha güclü görmək istəyirsə Atatürkdən daha çox zəhmət çəkməli və əməli işlər görməlidir. Yəni Atatürklərin, Rəsulzadələrin türklük, turançılıq yolunda gördüyü işləri təqdir etməklə yanaşı, yanlışlıqlarını da görərək əziz Türk millətimizi irəli aparmaq hər birimizin şərfli borcudur.
FACEBOOK YORUMLAR