Doç.Dr. Faiq ELEKBERLİ

Doç.Dr. Faiq ELEKBERLİ

[email protected]

AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİ: ƏNƏNƏLƏR VƏ ÇAĞDAŞ TENDENSİYALAR (XIX-XX ƏSRLƏR): 2.YAZI

16 Ocak 2025 - 09:34

 

AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİ: ƏNƏNƏLƏR VƏ ÇAĞDAŞ TENDENSİYALAR (XIX-XX ƏSRLƏR)

2.Yazı

 

Faiq ƏLƏKBƏRLİ,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”

şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Ümumiyyətlə, burada əsas məqsədimiz ilk növbədə, XIX-XX əsrlər Azərbaycan Türk fəlsəfəsinin əsas inkişaf yollarını ortaya qoymaq, eyni zamanda fəlsəfi və ictimai fikir tariximizin əsas nümayəndələrinin dünyagörüşlərini təhlil etmək olmuşdur. Bu anlamda burada XIX-XX əsrlər Azərbaycan Türk fəlsəfəsinin əsas inkişaf yolları üç istiqamətdə şərh olunmuşdur:

1) Şərq-İslam-Türk mədəniyyəti ya da Şərq-İslam-Türk fəlsəfəsi,

2) Azərbaycanda Qərb mədəniyyəti və fəlsəfəsinin təşək­külü,

3) Şərq-İslam-Türk fəlsəfəsi ilə Qərb-Avropa mədəniyyəti/ fəlsəfəsinin sintezi problemi və həll yolları.

Eyni zamanda, burada hər bir istiqamətin öz daxilində olan fərqliliklər, yəni ümumi oxşarlıqlarla yanaşı, ziddiyyətli məqamlar da göstərilmişdir. Məsələn, Şərq-İslam mədəniy­yət­ini davam etdirmək yönündə bəzi mütəfəkkirlər (M.M.Nəvvab, Ə.Axundoğlu və b.) sırf Qurani-Kərim və Sünnəyə əsaslanmaqla orta çağın son dönəmlərinin nisbətən mühafizəkar mövqeyin tərəfdarı olduğu halda, digər mütəfəkkirlər (H.Z.Şirvani, A.A.Bakıxanov, Nigari və b.) problemə islahatçı, yenilikçi mövqedən yanaşırdılar.

Burada əsas məqsədlərimizdən biri də yuxarıda qeyd etdiyimiz istiqamətlər, xüsusilə sonuncu və əsas istiqamət Şərq-İslam mədəniyyəti ilə Qərb-Avropa mədəniy­yəti­nin sintezi fonunda meydana çıxan Azərbaycan Cümhuriy­yəti­nin milli fəlsəfi dərkini ortaya qoymaq olmuşdur. Başqa sözlə, Azərbaycan Cümhuriyyətinin varlığının həm qədim və orta əsr Türk dövlətçilik ənənələri üzərində qurulmasının fəlsəfə tarixi anlamda izahları, həm də bu yolda böyük əmək sərf etmiş Azər­bay­­can Türk maarifçilərinin və onların davamçı­larının fəlsəfi, ictimai-siyasi dünyagörüşlərinin ifadəsi çox vacibdir. Demək istədiyimiz odur ki, Azərbaycan Cümhuriy­yəti­nin əsas mahiyyət­ini təşkil edən “Azərbaycan ruhu”nun, “Azərbaycan məsələsi”nin yalnız tarixinə deyil, fəlsəfəsinə ya da tarixin fəlsəfəsinə də varılmalıdır. Məhz “Azər­baycan məsələsi”ni doğru idrak edərsək, o zaman istər Sovetlər Birliyi dövründə, istərsə də torpaqlarımızın bir hissəsində müstəqilliyimizi bərpa etdikdən sonra ortaya çıxan tarixi, mədəni, fəlsəfi, siyasi suallara da cavab tapmış olarıq.

Əslində burada geniş şəkildə izah olunan əsas məsələ­lərdən biri də “Azərbaycan məsələsi” və onunla bağlı meydana çıxmış “Azərbay­can tarixi”, “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” və buna oxşar digər anlayışların mahiyyətinə, mənasına obyektiv şəkildə işıq tutmaqdır. Xüsusilə də bizi burada ən çox maraqlandıran bir məsələ “Azərbaycan fəlsəfəsi” ya da “Azərbaycan fəlsəfə tarixi” anlayışlarıdır ki, 1918-ci ildə yeni bir Türk dövlətinə verilən adın, yəni “Azərbaycan” məfhumunun çox keçmədən həmin dövlətin qurucusu olan millətin adıyla eyniləşdirilməsinin də elmi-fəlsəfi izahları olmalıdır. Hər halda bu gün millətimizin dövlət-vətəndaş kimliyi adından (azərbay­canlı), dilindən (Azərbaycan dili) tutmuş onun fəlsəfəsi (Azər­bay­can fəlsəfəsi), tarixi (Azər­baycan tarixi), ədəbiyyatı (Azərbaycan ədəbiyyatı), mədəniyyəti (Azər­bay­can mədəniyyəti) artıq Türk milli kimliyindən çox Azərbaycan dövləti kimliyi üzərində oturuşmuşdursa, o zaman bu “Azərbay­can məsələsi”nin hərfi mənadan ya da tarixi aspektdən daha çox, elmi-fəlsəfi, tarixi-fəlsəfi şərhinə ethiyac vardır. Əks təqdirdə 1918-ci ilin 28 mayında yeni bir Türk dövlətinə Azərbaycan Cümhuriyyəti adı verilməsin­dən sonra meydana çıxmış “Azərbay­can milləti”nin ya da “azər­baycanlı” millətinin tarixin­dən, fəlsəfə­sindən, mədəniy­yətindən, dilindən, ədəbiyyatın­dan bəhs etmək də məntiqsiz görünə bilər.

Deməli, burada ən incə məsələ yeni bir Türk dövlətinə verilmiş Azərbaycan Cümhuriyyəti adıyla (“Azərbaycan məsələsi” ilə), onun qurucusu olduğu Türk xalqının (Azərbaycan türklərinin) müstəsna rolunu obyektiv şəkildə dəyərləndirməkdir. Başqa sözlə, yeni bir Türk dövlətinə verilmiş “Azərbaycan” adının həmin dövlətin qurucusu olan Azərbaycan türklərinin milli varlığının, milli kimlik adının üstündən xətt çəkilərək yeni bir “xalq” kimi yozulması bir şey, ancaq “Azərbaycan” anlayışının qədim dövrlərdən günümüzədək keçdiyi yolu izləməklə bərabər Azərbaycan türklərini daima vahid xalq kimi bir arada tutub gələcəkdə də vahid dövlətin çətiri altında yenidən birləşdiril­məsini hədəfləmək tamamilə başqa bir şeydir. Ona görə də, bu gün “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” dedikdə, bir­mə­na­lı şəkildə onu Türk kimliyindən uzaq tutmaq kökündən yanlışdır. Çünki birincisi, “Azərbaycan” anlayışı nə çoğrafi, nə də yaşayanları baxımından yalnız Azərbaycan Respublikasından ibarət deyil ki, onun fəlsəfəsini, tarixini, ədəbiyyatını, dilini, milli kimliyini də qismən çar Rusiyası, əsasən də Sovetlər Birliyi dövründə planlı şəkildə müəyyənləş­diri­lmiş və hələ də həmin siyasəti davam etdirənlərin antitürk, antiazərbaycan siyasəti ilə qarışıq bir “xalq” çərçivəsində dəyərlən­dirək! “Azərbay­can” anlayışı ən azından Dərbənddən Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər uzanan bir coğrafiya olduğu qədər, eyni zamanda bu coğrafiyada yaşayan on milyon­larla Azərbaycan türkünün qədim dövrlərdən günümüzədək ortaya qoyduqları tarixin, fəlsəfənin, ədəbiyyatın, mədəniyyətin bir sözlə, ona məxsus olan hər bir şeyin ifadəsidir. Belə olduğu təqdirdə, bizlər tariximizi, fəlsəfəmizi, ədəbiyyatımızı, mədəniyyətimizi qələmə alarkən rusun, inglisin, amerikalının, fransızın, farsın, ərəbin bizi görmək istədikləri yad metodologiya­larla deyil, özümüzüm özümüzə biçdiyimiz milli metodologiya ilə hərəkət etməliyik.

Yeri gəlmişkən, XX əsrin əvvəllərində yeni bir Türk dövlətinə Azərbaycan Cümhuriyyəti” adını verənlər məhz milli metodolo­giyaya əsaslanmşlar. Belə ki, yeni Türk dövləti “Azərbaycan Cümhuriyyəti” adlansa da millət, dil, mədəniyyət, tarix, ədəbiyyat, mətbuat, teatr və digər məsələlərdə ya müstəqil şəkildə, ya da “Azərbaycan” məfhumu ilə birlikdə Türk anlayışından istifadə edilmişdir: “Türk milləti”, “Türk dili”, “Türk mədəniyyəti”, “Türk ədəbiyyatı”, “Türk teatrı”, “Azərbay­can Türk milləti”, “Azərbaycan Türk mədəniyyəti”, “Azərbaycan Türk mətbuatı”, “Azərbaycan Türk tarixi”, “Azərbaycan Türk nəğmələri”, “Azərbaycan Türk ədəbiyyatı”, “Azərbaycan Türk teatrı” və s.

Qeyd edək ki, bu kimi adlandrımalar Azərbaycan SSR-nin ilk dövründə (1920-1936-cı illər) də eyni formada öz əksini tapmış (Məhəmmədzadə Mirzə Bala. Azərbaycan Türk mətbuatı (1875-1921). Bakı, Bakı Universiteti nəşriyyatı. 1922; Köçərli Firidun bəy. Azərbaycan Türk ədəbiyyatı tarixi materialları. İki cilddə. Bakı, Azərnəşr, 1926; Azərbaycan Türk xalq şivələri lüğəti. 1 cild. 1-ci buraxılış. “A” hərfi. Bakı, Az.DETİ nəşriyyatı, 1930; Şərifov Ağakərim. Azərbaycanda Türk teatrı tarixi materialları. Bakı, Azərnəşr, 1930; Hacıbəyov Üzeyir, Maqomayev Müslüm. Azərbaycan Türk el nəğmələri. Bakı, Azərnəşr, 1927; Azərbaycan Türk dilinin imlası. Bakı, “Kommunist” qəzeti nəşr., 1934 və b.), yalnız represiyya dövründə (1937-1938) buna birmənalı şəkildə son verilmiş və bu qeyri-milli proses Azərbaycan öz müstəqil­liyini bərpa edənə qədər (1991) davam etmişdir. Azərbaycan Respublikası öz müstəqilliyinə yenidən qovuşduqdan sonrakı dövrdə, yəni 1991-ci ildən günümüzədək olan zaman çərçivəsində isə Azərbaycan türklərinə zorla sırınmış yad metodologiyalarla milli metodologiya arasında mübarizə davam etməkdədir.

Çox təəssüf ki, tarixi-coğrafi Azərbaycanımızın çox az bir hissəsində müstəqilliyimizi bərpa etdikdən (1991) sonra da milli metodologiyaya əsaslanan milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyət yazmaqdan çox kosmopolit “Azərbaycan” kimliyi çərçivəsində kitablar, disser­tasiyalar yazmağa davam edirik. Ən acınacaqlısı da odur ki, bunu edənlərin xeyli bir qismi də “Azərbaycan məsələsi”nin əsil mahiyyətinə varmadan, “Azərbay­can” anlayışını antitürk, anti­islam ideoloqlarının planlı şəkildə ortaya atdıqları siyasətlərə uyğun olaraq Türklüyə, Azərbaycan Türklüyünə zidd olaraq təbliğ edirlər. Bunun da nəticəsində “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfə tarixi”, “Azərbaycan mədəniyyət tarixi”, “Azərbaycan ədəbiyyatı tarixi” və buna oxşar kitablarda əsasən Azərbaycan Türk xalqının tarixi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı bir çox hallarda naməlum bir xalqın məhsulu kimi ortaya çıxmaqda davam etməkdədir.

Bu baxımdan milli metodologiyadan irəli gələrək “Azərbaycan Türk fəlsəfi” anlayışına müraciət etməyimiz təsadüfi deyil. Burada əsas məqsədimiz milli-mənəvi və siyasi-hüquqi anlamda varisliyimizi qorumaq, davam etdirməkdir. Başqa sözlə, həm qədim dövrdə və orta çağda yaratdığımız dövlətlərin, həm də təxminən bir əsr bundan öncə yaranmış Azərbaycan Cümhuriyyətinin metodologiyasını doğru-dürüst davam etdirmək üçün anlayışların yazılışında və tətbiqində diqqətli olmalıyıq. Bu gün bəziləri iddia edirlər ki, artıq “Azərbaycan Türk fəlsəfəsi”, “Azərbaycan Türk mədəniyyəti” və bu kimi anlayışların yazılma­sına və istifadəsinə ehtiyac yoxdur. Çünki “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfə tarixi”, “Azərbaycan mədəniyyət tarixi” və bu kimi anlayışlardakı “Azərbaycan” sözünün özü Türklüyü də ifadə etməkdədir. Şübhəsiz, yeni bir Türk dövlətinə “Azərbaycan Cümhuriyyəti” adını verən Cümhuriyyətin qurucusu, milli ideoloq, böyük mütəfəkkir və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları üçün bu, məhz belə də olmuşdur. Ancaq Sovet-Rus, İran-Pəhləvi, İran-Molla və başqa antitürk ideoloqlar zamanla “Azərbaycan” anlayışını nəinki Türklükdən rəsmi-formal baxımdan ayırmaqla kifayətlənmişlər, eyni zamanda onların bir-birinə tamamilə ziddiyyət təşkil etməsini əsaslandır­maq üçün ideoloji tarixi, mədəni, fəlsəfi, hüquqi, sosioloji, ədəbi yöndən minlərlə, on minlərlə kitablar, dissertasiyalar, büroşuralar yazmışlar və yazmağa da davam edirlər. Ona görə də, kitablarımızın milli metodologiya baxımından “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” adlanmasının təbii olduğunu düşünərək, digər tədqiqatçıların da uyğun sahələrdə yazdığı əsərlərində eyni yolu izləyəcəklərinə ümid edirik.

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum