ƏZİZXAN TANRIVERDİ HƏM MÜƏLLİM, HƏM DƏ ATA KİMİ XATİRƏMİZDƏ
Müəllimlik ən şərəfli peşədir. Müəllim yalnız elm öyrədən deyil, eyni zamanda öyrənənləri həyata hazırlayan, onlara öz qayğısını, diqqətini və bu həyatda doğru yolu göstərəndir. Buna görə də müəllim hər zaman valideynə bərabər olan şəxs kimi dəyərləndirilir. Boş yerə müəllim haqqı ilə valideyin haqqı eyniləşdirilməmişdir. Bu şərəfli peşənin sahiblərindən biri Əzizxan Vəli oğlu Tanrıverdiyev olmuşdur. Onun bu elmi yolda əsas istəyi tarixçi olmaq idi. Lakin həyat elə gətirir ki, o, Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Burada onun ən böyük dəstəkçisi mərhum akademik, dilçi alim Afad Qurbanov olmuşdur. Əzizxan müəllim Azərbaycan dilinin dərinliklərinə endikcə, onu tarixi baxımdan araşdırdıqca, dilimizin zənginliyinə bələd olduqca bir tarixçi kimi çıxış etməyə başladı. Burada dilimizin tarixçisinə çevrildi. Özünün dediyi kimi onun tarixə olan sevgisi və marağı dil tarixi sevgisi ilə əvəz olundu. “Dilimiz, mənəviyyatımız”, “Dədə Qorqud kitabı”nda at kultu”, “Dədə Qorqud Kitabı”nda dağ kultu”, “Dədə sözü işığında”, “Koroğlu”nun şeir dili”, “Dilimiz, düşüncəmiz”, “Türk məşəli Azərbaycan antroponimləri”, “Azərbaycan dilinin tarixi qrammatikası”, “Anarın nəsri”, “Poeziyanın dili, dilin poeziyası” və s. kitab və dərsliklərin, 90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olmuşdur. Dilimizin saflığı uğrunda apardığı mübarizə onun hər bir yazısında, elmi araşdırmalarında öz əksini tapır. Bunlardan biri də onun əsl türk mənşəli şəxs adları ilə bağlı olaraq apardığı araşdırma və bu araşdırma nəticəsində ərsəyə gətirdiyi kitab olmuşdur. “Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi-linqvistik tədqiqi” adlı kitabını vərəqlədikcə Azərbaycanın və bütün türk dünyasının adət-ənənələrinin, böyük türk millətinin qoxmazlığının, mərdliyinin, igidliyinin, torpağa, elə, yurda olan bağlılığının, ucalığının, qadınların xanımlığının, gözəlliyinin, dəyanətinin, qeyrətinin, ismətinin və neçə-neçə bu kimi dərin mənaların daşıyıcısı olan türk mənşəli adlarımızın nə qədər dəyərli, diləyatımlı, mənalı olduğunu anlayırıq. Elə bir bu yetərlidir ki, Əzizxan müəllimin türk dünyasının ucalığına nə qədər yüksək dəyər verdiyini anlayaq:
Ey türk qızı, sənin adın
Bəy qadını Bəyimdir.
Sənin adın-
Baxışından, duruşundan xanımlığı sezilən
Xan qadını Xanımdır.
Sənin adın Xatındır.
Sənin adın zəriflikdir,
İncəlikdir – İncidir.
Məğrurluğun, gözəlliyin,
Dəyanətin incidir.
Ey türk oğlu,
Böyük bəysən,
Sən qəhrəman Babəksən.
Sən igidsən, sən qoxmazsan,
Alp ərənsən – Alpərsən...
Məhz bir parça verilmiş “Adın Turan” adlı şeir də bu kitab əsasında yazılmışdır.
Həm alim, həm müəllim kimi öz şəxsiyyətinə qarşı hörmət qazanmış Əzizxan Tanrıverdi tələbələrinin içində gur bir çırağa bənzəyirdi. Elə bir çıraq ki, nuru, istisi bir ömür boyu o tələbələrin həyat və elm yollarında yeni bir cığırın başlanğıcını qoyub, tələbələr də məhz o yolla inamla irəliyə doğru addımlayıblar. Bu Əzizxan müəllimin özünəməxsusluğu idi.
Tələbələrlə münasibətində hər zaman həssas davranan, onlara insanlığın ən ali keyfiyyətlərini öyrədən, eyni zamanda özü davranış və hərəkətlərində bunu əks etdirən bir şəxsiyyət olmuşdur. Tələbələrin sevgi və hörmətini hər zaman qazanan bir şəxsiyyət. Bu sevgini və hörməti təbii olaraq qazanmaq da hər insana xas olan bir xüsusiyyət deyildir. Əzizxan Tanrıverdi isə bunu öz sevgisi ilə qazanmışdı. Həyatın keşməkeşli yollarından keçmişdi. Bəzən bu yollar daşlı-kəsəkli, bəzən eniş-yoxuşlu olmuşdur. Əlbəttə ki, hər zaman hamar olmamışdır. Lakin o, yorulmadan, usanmadan, hər zaman dimdik bu yaradıcılıq yollarında addımlamağa davam etmiş, daim irəliləmişdir. İrəlilədikcə onun şəxsiyyətinə və elmi yaradıcılığına yüksək dəyər verənlər tərəfindən müxtəlif təltiflər, diplomlar, təşəkkürnamə və tərifnamələrlə mükafatlandırılmışdır. Tanrıverdiyev Əzizxan Vəli oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 14.01.2009-cu il tarixli qərarı ilə 2008-ci ildə səmərəli elmi fəaliyyətinə, elmi-pedaqoji kadrların hazırlanması, tələbələrin elmi araşdırmalara həvəsləndirilməsi işinə verdiyi töhfəyə, elmi konfranslarda fəal iştirakına görə humanitar və pedaqoji elmlər üzrə İLİN ALİMİ müsabiqəsinin qalibi olmuşdur. O yalnız bir ilin deyil, ümumiyyətlə, türk dünyasının əbədi olaraq alimi statusunu qazanmışdı. Onun türkologiya ilə, “Kitabi-Dədə Qorqud”la, eyni zamanda əsl türk adlarının tarixi ilə bağlı olan və bir çox araşdırmaları dilçiliyimizə ən dəyərli töhvələrdən olmuşdur. Biz Əzizxan müəllimi həm alim, həm müəllim, həm də bir şəxsiyyət olaraq dəyərləndiririk. Onun böyük həvəslə və zəhmətlə üzərində çalışdığı elmi əsərlərdə elmi məlumatlarla yanaşı, sanki, Əzizxan müəllimin səsini də duyuruq:
Yenə əlimdə kitabın,
Oxuyuram sətir-sətir.
Hər sətirdən səsin gəlir,
Hər sözdən nəfəsin gəlir.
Əzizxan müəllimin yalnız dilçiliklə bağlı olan yenilikləri deyil, eyni zamanda həyata baxışı ilə bağlı olaraq fikirləri də xüsusi olaraq diqqətəlayiqdir. Onun insanların bir-biri ilə münasibətlərinə dair belə bir fikri vardır : “ Əsl qohumluq bioloji bağlılıqla deyil, mənəvi yaxınlıqla ölçülür.” O hər zaman dostluq, qohumluq münasibətlərinə xüsusi dəyər verirdi. Lakin bütün münasibətlərin əsasında mənəvi yaxınlığın əsas yaratdığını söyləyirdi.
Əzizxan müəllimi qələmsiz təsəvvür etmək mümkün idimi? Universitetdən evə gəldikdən sonra da onun əsas zamanı kitablar və yazılar üstündə keçirdi. Yenilik axtarışında olan alim hər bir sözün ən dərin qatlarını axtarır, nəinki, sözün yaranmasını, eyni zamanda müxtəlif dövrə məxsus olan müxtəlif əsərlərdə həmin sözün hansı çalarlarda işləndiyini də diqqətlə araşdırırdı. Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dilinin tarixi qrammatikası fənnini tədris edirdi. Bu zaman o bir çox kitablardan nümunələr göstərir, eyni zamanda fars dilinə keçmiş türk sözlərini xüsusi izahlarla tələbələrin diqqətinə çatdırırdı. Bu sözlərdə olan dəyişikliyi daha aydın izah etmək üçün bəzən həmin sözləri məhz fars əlifbası əsasında da yazıb təhlil edirdi. Bununla da o, farsların dilimizdəki türk sözlərində nə qədər dəyişiklik etdiyini daha aydın şəkildə göstərməyə çalışırdı. Bəzən bir sözün mənşəyini izah etmək, tələbələrə daha dərindən başa salmaq üçün müxtəlif dillərə də müraciət edirdi. Tələbələr onu çox böyük maraq və diqqətlə dinləyirdilər. Mühazirələrdə tələbələrin diqqətini o qədər gözəl surətdə izah etdiyi mövzuya yönləndirirdi ki, bəzən dərsin nə zaman başlayıb bitdiyindən belə tələbələrin xəbəri olmurdu. Əzizxan müəllimin mühazirələrində insan düşüncələri, sanki, bu həyata yeni yol alırdı. Bu yolda sözlərin tarixi təhlili ilə bərabər, türkçülük ruhu da var idi. hər bir kəlməsindən türk ruhu tələbələrin düşüncələrinə şaqraq şəlalə kimi axıb tökülürdü. Sözlərin tarixi izahı zamanı müxtəlif əsrlərin söz ustalarının şeirlərinə, yazılarına müraciət edirdi. Qəzəl, rübai və qəsidələri o qədər axıcı səsləndirirdi ki, sanki, tarixi ilmə-ilmə bu sətirlərdə canlandırırdı.
Onun yuxusuz gecələrinin nəticəsi idi elmi tədqiqatları. Ocağının, evinin bir guşəsi onun elmi çırağı üçün ayrılmışdı. Şəxsi kitabxanası dünyanın müxtəlif yerlərindən əldə etdiyi dilçilik və qorqudşünaslıqla bağlı olan kitablarla zəngindir. Hər kitabın kitabxanada öz yeri, öz məkanı vardır. Kitabxanasının zənginliyinə baxmayaq, hər hansı bir kitabı gözüyumulu şəkildə yerindən götürdüyü kimi də yerinə yerləşdirərdi. Bəzən tədqiqat aparmaq üçün eyni kitabdan ikisini, hətta, üçünü belə əldə edirdi. Bir kitab üzərində araşdırdığı sözlər və cümlələr üzərində xüsusi işarələr qoyub qeydlər aparırdı. Əgər bu kitabda eyni sözlərin fərqli baxımdan araşdırmasını aparırdısa, o zaman bu kitabın ikincisinin üzərində öz qeydlərini aparırdı. Eyni kitablardan biri isə təmiz vəziyyətdə olurdu. Yəni orada heç bir qeydini aparmaz, yalnız nəzər yetirmək üçün həmin kitabdan istifadə edərdi. Hər yeni tədqiqat işi kitab şəklində çapdan çıxan kimi övladı dünyaya yenicə göz açmış bir ata kimi sevincini ən birinci öz ailə üzvləri ilə paylaşardı. Övladları bu kitabı bir-bir vərəqləyər, diqqət yetirərdilər. Kitabın ümumi təhlilini və izahını bütün ailə üzvləri süfrə arxasında oturarkən çox böyük fərəh hissi ilə izah edərdi. O kitabların hər biri evimizin işığı, nuru idi. Onlar yeni bir nəfəs gətirirdilər bu ocağa, sanki. Vətən torpağının hənirtisi, Vətən göylərinin qızmar günəşi, yazda göy üzünü alan buludları, otu, suyu, dağı, daşı, havası, nəfəsi var idi bu kitabların hər bir sətrində. Hər birinin dəyəri ən azı bu vətənin tarixi qədərdir. Bir gün yeni işıq üzü görmüş bir kitabını əlində saxlayaraq dedi: “Bu kitablar məni ən azı bir üç yüz il yaşadacaq.” Öz adını, şəxsiyyətini hər zaman qoruyan və vətəninə, xalqına faydalı və layiqli olmağa çalışan bir insan idi Əzizxan müəllim:
“Məndən sonra bir üç yüz il
Kitablar yaşadar məni.”
Tarixi yaşatmaq üçün
Yaratdın abidələri.
Əzizxan müəllimin 31 kitabın, 8 proqramın, 250-dən artıq məqalə və tezisin müəllifi olmuşdur. O “Dədə Qorqud Kitabı”nda işlənmiş şəxs adlarını, eyni zamanda dağ və at kultunu, obrazlar sistemini ilk dəfə olaraq kompleks şəkildə işləyən şəxs olmuşdur.
Əzizxan müəllim həm müəllim kimi, həm də ailə başçısı kimi çox qayğıkeş bir insan olub. Onun ata kimi ailədə hər bir kəsə olan diqqəti qanadını yuvasının üstünə gərən qartal misalını andırıb. O öz ailəsinin Qorqud atası idi. Övladları ən kiçik qərarlarını belə onun xeyir-duasını almadan həyata keçirməzdilər. Dədə Qorqud xüsusiyyətini eyni zamanda övlad və nəvələrinə ad qoyan zaman da göstərirdi. Beyrək, Ərtac, Toğrul, Selcan, Alpər – bu adların hər birini Əzizxan müəllim özü böyük həvəslə övlad və nəvələrinə vermişdir. Hər bir ad türkün, türkçülüyün ruhunu daşıyır özündə. Nəvələr onun xüsusi sevinc yeri, xoşbəxtlik təcəssümü idi. Nəvələrinə ayırdığı diqqət baba-nəvə münasibətinə fərqli bir istilik, sevgi, mərhəmət, əyləncə, yenilik gətirirdi. Məhz buna görə də böyük nəvəsi Ərtac Əzizxan babası dünyasını dəyişəndə hələ yeddi yaşında ikən kədərlə bu şeiri qələmə almışdı:
Ərtacın toyunu görəydin.
Aytac sənə şeir deyərdi,
Sən dincələrdin.
Selcan işıq saçardı,
Sən işıqda yazardın.
Ərtac, Toğrul və Alpər –
Bu adları sən qoymusan,
Baba Əzizxan.
(2018)
Saza, sözə böyük dəyər verərdi Əzizxan müəllim. Nəvəsi Aytacın kiçik yaşlarda sazda ifa etmək bacarığı həmişə Əzizxan müəllimi fərəhləndirmişdir. Aytac kiçik barmaqlarını sazın tellərinin üstündə gəzdirib bir hava ifa etdikcə Əzizxan müəllim onu qürur hissi ilə dinləmiş, bəzən özü də bu ifanın ardınca bir şeir səsləndirmişdir.
Əzizxan müəllimi bir müəllim və bir ailə başçısı kimi müqayisə etmək, fərq qoymaq olmur. Çünki o, ailəsində göstərdiyi diqqəti eynilə tələbələrinə də göstərmişdir. Onun üçün tələbələri öz övladları kimi ona hər zaman əziz olmuşdur. Məhz ona görə də onun vəfatına tələbələri də ən azı ailə üzvləri qədər kədərlənmiş, bunu müxtəlif yazılarda, şeirlərdə, məqalələrdə böyük kədər və təəssüf hissi ilə dilə gətirmişdilər. Bunlar öz əksini bir çox saytlarda, qəzet və jurnallarda tapmışdır. Ailə üzvlərinin dərin kədəri bu şeirlərdə öz əksini tam mənası ilə tapmışdır:
Dayanıb kitab üstdə
Qələm gözləyir səni.
Sükuta qərq olubdur,
Elm gözləyir səni.
Hanı arzun, diləyin?
Sevən, coşan ürəyin?
Dərsdə tələbələrin
Elə gözləyir səni.
Bu şeiri onun vəfatından iki gün əvvəl yazmışdım. Göz yaşları ilə qələmə almışdım bu şeiri. Əzizxan müəllimin özü oxudu. Bildirmişdi ki, şeiri heç bir sayta verməyim, özünün 60 illik yubileyi münasibətilə bağlı çapa gedəcək kitabında yerləşdirəcək. Əlbəttə ki, kitab çap olundu, bu şeir də orada yer aldı. Amma çox təəsüf ki, özü bunu görə bilmədi.
2019-cu il may ayında Azərbaycan Yazıçılar Birliyində Fərqanə Mehdiyevanın başçılığı ilə Əzizxan müəllimin xatirə gecəsi də keçirildi. Burada onun qələm dostları, həmkarları, tələbələri, bir sözlə, onu sevən, ona dəyər verən insanlar iştirak etdilər. Tədbir həm keçirdiyimiz qürur hissi ilə, həm də kövrəldici anlarla yadda qalan oldu. Hər bir çıxış onun şəxsiyyətini o qədər gözəl anladırdı ki, sanki, özü də məhz o dəyirmi masa arxasında əyləşənlər sırasında idi.
Dəyərli alim, müəllim, ata – Əzizxan Tanrıverdi əbədi olaraq qəlblərdə yaşayacaqdır. Onun haqqında söz demək həm qürurvericidir, həm də məyusedici. Qürurvericidir, ona görə ki, Əzizxan müəllim haqqında həm onun bir tələbəsi, həm də onun bir ailə üzvü kimi fikirlərimi bildirmək mənim üçün böyük şərəfdir. Məyusedicidir, ona görə ki, bu yazı zamanı belə onun cismən yanımızda olmadığını xatırladım. Ancaq bizim xəyalımızda Əzizxan müəllim uzaq bir səfərdədir və nə vaxtsa yeni elmi araşdırmaları ilə öz yazı stolu arxasında əyləşəcəkdir.
ALLAH RƏHMƏT ELƏSİN!
Hər an süfrə başında,
Nəvələr yaddaşında,
Torpağında, daşında
Yerin yaman görünür.
Yazdı: Cəvahir Tanrıverdi (Əzizxan Tanrıverdinin gəlini)
FACEBOOK YORUMLAR