TÜTƏK SƏSİ
(İsa Muğannanın "Tütək səsi” əsərinə əsasən)
Keçmişlərdən qopub gəldin,
Damarlara hopub gəldin, tütək səsi.
Namus oldun, qeyrət oldun,
Namusluya xiffət oldun, tütək səsi.
Bir cavanın illər boyu
ürəyində gizlədiyi hər bir sözü
tel-tel dedin.
O cavana ürək oldun, nəfəs oldun.
Bir ananın naləsinə qəfəs oldun.
Sən çıldırdın,
sahibinə dəli dedi hər künc-bucaq.
Canlı oldun, şahid oldu hər od-ocaq.
Alçaq, rəzil bir mənliklə özünü dağlara vuran
canlı deyil, insan deyil,
Vüqar dolu bir mənliklə
neçə-neçə Cümrüləri
bir qanuna qarşı qoyan canlı oldun.
Necə böyük ürəyin var?
Yoxsa Cümrü hər barmaq tutduğu yerə
ürəyindən telmi verdi?
Ayağından öpüləsi bir varlığın namusundan
o gənc sənə yelmi verdi, “Tütək səsi”!
Bayatılar səsləndirdin,
Ana kimdir? Ata kimdir?
Həyat nədir? Dostluq nədir?
Namus nədir? Namusu qorumaq nədir?
- Sən anlatdın insanlara.
Bu qədər anlamı axı
necə saldın bayatıya, tütək səsi!
Belə həzin bayatıdan nəyə görə coşdu ürək?
Boylanırsan bir əsərdən ürkək-ürkək, tütək səsi.
2007
Cəvahir Tanrıverdi
FACEBOOK YORUMLAR