SÖZ DÜNYASI
Söz sözü yaradır, söz sözü çəkir,
Bunun Nizamisi, Füzulisi var.
Hər kəs söz bağında bir ağac əkir,
Acılı – şirinli çox meyvəsi var.
Nəsillər ötüşür, sözsə tükənmir,
Sözləri nizama düzən tapılır.
O Vaqif bağından, Vurğun bağından
Sözləri nizamla üzən tapılır.
Mənim söz açarım Məmməd Arazdır,
Dünyanı söz ilə qələmə çəkdi.
Onun min mənalı fikir dünyası
Dünyaya əbədi qəh – qəhə çəkdi.
Nə qədər yeni söz yaransa belə,
Tarix təkrarlanır, dövran dəyişmir.
Nə həsrət dəyişir, nə də ki kədər,
Dünya hey fırlanır, sevda dəyişmir.
Mənim bir mənəvi söz ocağım var,
Sitayiş edirəm atəşpərəst tək.
Evimdə söz dolu bir bucağım var,
Əbədi qalarmı Məmməd Araz tək?
Bu ömür yolları qısalır hər gün,
Tarixə köç edir hər dəyərli söz.
O həssas ürəklər, o vuran qəlblər
Bu gündən sabaha salır dərin iz.
23 oktyabr, 2014
Cəvahir Tanrıverdi
FACEBOOK YORUMLAR