Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

Mikayıl Müşfiqin Sovet ideologiyasını təbliğ edən uşaq şeirlərindən

02 Ağustos 2024 - 09:47

Mikayıl Müşfiqin Sovet ideologiyasını təbliğ edən uşaq şeirlərindən.

Cəvahir Tanrıverdi/ Sosial İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi


Mikayıl Müşfiq və uşaq ədəbiyyatı deyərkən əsasən ağlımıza ilk gələn “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı olur . Burada isə biz onun fərqli uşaq şeirlərinə diqqət yetirəcəyik. Hansı ki  məhz Sovet ideologiyası əsasında yazıldığı, daha doğrusu, məcbur yazdığı açıq aydın şəkildə özünü göstərən şeirlərə. Bunu onların adlarından da görmək mümkündür.
   1927-ci ildə yazmış olduğu “Pioner” şeiri hər biri altı sətirdən ibarət olmaqla dörd bənddə tamamlanır. Şeirdə əvvəlcə şair təbiətin sərtliyi ilə, sanki, pionerin gücünü, bu sərtliyə qarşı gələ biləcək müqavimətini müqayisə edir. İsti yay aylarının ardınca gələn çovğunlu, boranlı, soyuq payız fəsli ilə pionerlərin yolunu artıq dərnəklərin gözlədiyini nəzərə çatdırır:
Rahatlıq zamanı keçdi, nəzər qıl,
Yolunu gözləyir dərnəklər indi.
Xəzandan qüvvətli olasan gərək,
Gərək təbiətə biz qalib gələk.
  Şair pionerin sinəsinə taxdığı qırmızı lentanı belə dəyərləndirir. Bu lenta onun yüksəklik simvoludur. Onun qırmızı rəngi müvəffəqiyyət rəmzidir. Bu pioneri qaranlıq yerlərdə belə nurlandırır:
Döşünə taxdığın qırmızı lenta,
Çalış ki, düşməsin yerə, torpağa.
Əyilsin qarşında dağlar, qayalar,
Sarıl dalğalanan qızıl bayrağa.
Varlığın gün kimi qırmızılaşsın,
Qaranlıq yerlərə nurunu saçsın.
Göründüyü kimi unudulmaz şairimiz Mikayıl Müşfiq bu bircə bəndlə pioneri nə qədər yüksəltmiş, onu dağlarla, qayalarla müqayisə edərək ən uca mərtəbəyə qaldırmışdır.
“Pioner, ey əmək qaraulçusu,” -deyə pioneri səsləyən şair onu doğru yolun yolçusu adlandırır. Pioneri ürəklərdə saray qurub səsi ilə ən köpüklü çayları, uğultulu tutanları öz kölgəsində qoyan yüksək məslək sahibi olaraq şeirində əks etdirir.
    “Pioner” adlı şeirdən də göründüyü kimi Mikayıl Müşfiq Sovet dövrünün mənafeyini oxşayan şeirlərlə də yaradıcılığını zənginləşdirmişdir.
   Şairin uşaqlar üçün yazdığı digər şeiri olan “Pambıq” şeiri də təxminən yaxın movzudadır. Şeirin əvvəlində Qara Papaq kəndinin pionerlərinin bir kluba toplanmağının vacibliyi əks olunmuşdur. Burada baş tutacaq iclasda hər kəsin iştirakının vacibliyi göstərilir. Hətta, iştirak etməyənlərin ağır töhmət alacağı xəbərdarlığı da verilir. Dəstə rəhbəri Gülnaz ölkəyə ağ qızılın gərəkli olduğunu bildirir. Hamını pambıq yığımına səsləyir. Pambıq yığımının faydalarından söhbət açaraq onu bu ölkənin güc simvollarından biri kimi göstərir:
Ağ qızıl verməliyiz,
Şəhrə göndərməliyiz
Ki, fabriklər yatmasın,
Düşmən bizə çatmasın.
Hətta şeirdə Leninin də tərifinə yer verilib. Onun böyüklüyündən, siyasətindən söhbət açılıb. Pambıq yığımının vacibliyi o qədər poetik sözlərlə əks olunur ki, onu dinləyən məktəblilər bir ağızdan hər birinin adının birinci yazılmasını istəyir. Onlar bu yığımı o qədər sevinclə qarşılayırlar ki, hətta çıxışın sonunda Gülnazı ürəkdən alqışlayırlar. Onların üzündə olan sevinc hissi evlərinə getdikdə belə sönmür. Təbiətin əsrarəngizliyi də bu sevincə qoşulur:
Ətraf gündüzə döndü.
Bu gecə nazlı gecə,
Aylı, ulduzlu gecə.
Səhəri səbrsizliklə gözləyən pionerlər sübhdən oyanıb deyilən yerlərə yollanırlar. Ürəklə işləməyə can atırlar. Hətta şeirin sonunda əks olunduğu kimi onların bu əməyini yüksək dəyərləndirən kolxoz da pionerləri qış libası, çəkmə, qaloş, alt paltarı, dəftər, kitab, ... müxtəsər hər bir şeylə təmin edir.
    Şeir boyu diqqətimizi çəkən başqa məqamlar da var. Mikayıl Müşfiq bu şeirdə qolçomaqları, qaçaqları tənqid edir. Şeirin əvvəlində hansı məqsədlə iclasa çağırıldıqlarını anlamayan məktəblilər bunu müzakirə də edirlər. Şeirdə bu misralarla əks olunan fikirkərə diqqət yetirək:
Bəlkə əski bir qaçaq
Uca dağlar aşaraq,
Kəndə vəlvələ salmış?
Bəlkə, intiqam almış
Bir yoxsuldan qolçomaq?
Əlbəttə ki, yalnız bu sətirlər deyil, şeirin başqa yerlərində də diqqəti çəkən bu tənqidlər şairin Sovet ideologiyasının təbliği ilə bağlı fikirlərini üzə çıxarır. Şeirdə tənbəllikdən özünü yerə vuran Səfər də tənqid obyektlərindən birinə çevrilir. Böyük səylə çalışaraq özlərini işə verən pionerlərin gözündə bir az yorğunluğunu almaq istəyən Səfər yoldaşları tərəfindən gülüş hədəfinə çevrilir. Hətta, ona tənbəl Səfər deyərək mahnı da qoşurlar. Səfər bunları qəbul etməyərək özünü işə atır, daha çox çalışaraq ön sıralarda yer tutur. Şeir boyu Müşfiq Sovet hökumətinin qoyduğu qanunları tərifləyib bunu müxtəlif obrazlar vasitəsilə dilə gətirir.
       Bu şeirlər sırasında “Pambıq” şeiri ilə eyni zamanda qələmə alınmış “Bir may” (1932) şeiri də diqqət çəkir. Bu şeir digər şeirlərdən daha çox tənqid hədəflərindən ibarətdir. Mayın biri işçilər günü kimi təriflənir. Yazın sonuncu ayında, hər tərəfin yaşıllandığı, köçəri quşların civiltisinin ətrafa yayıldığı, ağacların yarpaqlandığı bir zamanda işçilər də, sanki, təbiətlə ahəngdarlıq yaradaraq öz işlərindən zövq alırlar. İşdən çıxan kəndlilər boş zamanlarını oxuyub-yazmağa, dəftər-kitaba ayırırlar. Bununla da mollaların, qolçomaqların ömrünün sonunun gəldiyini bildirirlər. Digər şeirlərdən fərqli olaraq, burada mollalar da tənqid olunur. Onların zamanını yalnız gerilik, inkişafdan qalma adlandırır şair:
İşdən dönən kəndlilər
... oxuyurlar – yazırlar.
Hər gün məzar qazırlar
Mollaya, qolçomağa.
 Öz işlərindən geri qalmayan işçilər,hətta, öz aralarında rəqabətə də girirlər. Onların arasından irəli çıxan Aydının dili ilə Sovet Sosialist Respublikasının işçilərə qarşı olan yüksək qayğı və diqqəti digər inkişaf etmiş ölkələrlə müqayisə olunur. O Avropada, hətta, Amerikada işçilərin öz işlərinin gedişindən narazı qalaraq nümayişə çıxdıqlarından söz açır. Onların ağası var. Üzərlərində sərt qaydalar qoyur. Lakin bizim ölkəmizdə belə sərt qaydalar yoxdur. Onlar zindanlara belə salınır, sıxışdırılır. Amerika və Avropada yalnız bu zərbələrdən cana gəlmiş işçilər öz haqlarını tələb edərək nümayişə çıxırlar. Bizlər isə haqqımızın qorunmağı nəticəsində irəli və yalnız irəli gedirik. Aydın bundan əvvəlki dövrlərdə ölkəsində olan özbaşınalıqdan da söz açaraq işçilərin çox incidilməyindən danışır və hal-hazırkı dövrü ilə müqayisə edir. Hal-hazırda işçilərin nə qədər xoşbəxt və firavan həyat sürdüklərini qeyd edir. Sonunu isə məhz Lenin dövrünün yüksəlişi ilə tamamlayır:
Atıldılar, düşdülər,
Oynadılar bir qədər.
... Yenə döndülər geri
Leninin nəvələri.
Uşaqlara həsr edilmiş bu şeirlərdən göründüyü kimi unudulmaz şairimiz Mikayıl Müşfiq məhz öz yaradıcılığında bu mövzuları əks etdirməklə taleyinə təsir etmək istəyib. Sovet ideologiyasının tərifi, təbliği ilə dolu olan bu və bu kimi şeirlər Mikayıl ömrünü uzada bilmədi. İllərlə -“Axı niyə Müşfiq? – deyərək fəryad edən alimlər, ədəbiyyatşünaslar, ədiblər, lap adi insanlar belə bu yolda “Oxu,tar”ımı günahkar çıxardılar? Hətta, bəlkə, ürəklərində - “kaş”Oxuma, tar” yazıb ömrünü uzadaydı,” – deyənlərin belə ürək səslərini eşidər olduq. “Məktəbli şərqisi”ndə də eynilə yuxarıda təhlil edilmiş şeirlərdə olduğu kimi tərif və tənqidlərdən ibarət daha neçə şeir yazılmalıydı? Bir neçə sətir deyil, bir neçə vərəq olan bu şeirlər başqa nə cür yazılaydı ki, onların könlünü oxşayaydı? Bu qədərmi oldu həyat, tale? Ömrünü çox tez başa vuran şairi ürəklərdə dəfn etdi şeirləri, sözləri. O ölmədi. Ürəklərdə dəfn olunaraq yenidən cücərdi. Tarı ilə, kamanı, sınıq sazı ilə, bir də hər duyan qəlbin incə sevdasını dilə gətirən məhəbbət şərqiləri ilə:
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm.
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm.
  Biz isə sənin o uşaq şeirlərində təriflədiyin dövrdən küsdük, Müşfiq.
 

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum