Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

KÖKSÜZ AĞAC  TEZ YIXILAR

09 Kasım 2023 - 22:22

KÖKSÜZ AĞAC  TEZ YIXILAR
(Nurlana İşığın  “Burağan” hekayəsinə)

    “Ağac kökləri ilə yaşar, insan dostları ilə” – deyib atalar. Bir də uşaqların dostu olmağı bacarmaq var.  Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin görkəmli yaradıcıları vardır. Bu gün də gənc yazarlar  ədəbiyyatın bu qolunu  öz dəst-xətləri ilə yaşadır və uşaq qəlbləri ilə yaratdıqları ədəbiyyat nümunələrini həm uşaqların, həm də böyüklərin sevimli nağıllarına çevirməyi bacarırlar. Bu gənc yazarlardan biri də Nurlana İşıqdır. Sözün həqiqi mənasında, nağılları, hekayələri ilə uşaqların kiçik, eyni zamanda rəngli dünyalarına işıq salır. Uşaq ədəbiyyatında yeni addımlarını atan Nurlana İşığın burada “Burağan” hekayəsinə diqqət çəkəcəyəm.
     Yazımızın adına diqqət yetirsək, bu adın məhz “Burağan” hekayəsinə əsasən seçildiyini də aydın şəkildə görmək olacaqdır. Hekayənin baş obrazı İşıq heç nədən qorxmayan bir xarakterlə əks olunmuşdur.  O, sevinclidir. Bunun səbəbi isə onun anasına köməklik göstərdiyinə görə çoxlu tərif eşitməsindən irəli gəlir. Təbiətin ən kiçik şıltaqlığını belə sevinclə və maraqla izləyən İşıq bundan böyük zövq alır. Lakin möhkəm coşan burağan onun bütün xoş hisslərini pozur. Belə ki, İşıq burağana qarşı gələ bilməyərək ağacın budağından yapışır. Lakin burağan bu budağı da qoparıb aparır. Bunu görən ağac İşığa onun köklərindən yapışmasını məsləhət görür. İşıq da ağacın kökünə ayaqlarını dayayır. Bu zaman İşıq daha da qüvvətlənir. Burağan isə bu gücə qarşı gələ bilmir. İstəsə də, nə İşığı, nə də ağacı qoparıb apara bilmir. Burağan yalnız özü ilə yığdığı çör-çöpü aparır. Bu, hekayənin qısa məzmunundan nə qədər düşündürücü mənalar doğur.
       Bildiyimiz kimi, hər bir uşaq yalnız ana və atasından gözəl və xoş sözlər eşidərsə, özgüvəni və özünə inamı daha çox olur. Yazar burada bir uşaq psixologiyasını önə gətirir. Özünə inamı güclü olan uşaq hər bir çətinliklə mübarizə aparmaqdan çəkinmir. Bu nağılda da bunu aydın şəkildə görürük. Həyatın hər anından zövq almağa çalışan uşaq obrazı bəzən elə çətinliklərlə üzləşir ki, burada mübarizə yolunu tapmaqda da çətinlik çəkir. Yazar hekayənin sonunda  bu obrazın ağacın köklərində dayanmaqla gücləndiyini göstərir. Burada İşıq obrazı adına görə fantastik obrazı xatırladır.  Lakin bu obraz həm də bir uşaq xarakterinin işıqla təsviridir. Burada yazar uşaq obrazını İşıq adlandırmaqla da mənəvi işığı, enerjini, istiliyi bu obrazda cəmləşdirib. Bildiyimiz kimi, işıq klassik ədəbiyyatda, eyni zamanda Zərdüştlüyün kitabı olan Avestada da xeyrin təcəssümüdür. Avestada necə işıqla qaranlıq, isti ilə soyuq mübarizə aparırsa, burada da İşıq – Burağan mübarizəsi öz əksini tapmışdır. Hekayədə İşıq xeyir, Burağan isə şər obrazıdır. İşığın çətinlik çəkdiyini görən ağac ona kökləri üstündə dayanmağı göstəriş verir. İşıq da ayaqlarını ağacın kökləri üstünə dayayır. Bu həm İşıqda, həm də ağacda güc yaradır. Burağanın yelinə məğlub olmaqdan qoruyur. Bu mübarizənin sonu isə kökə, keçmişə bağlı olmaqla qalib gələn bir mənəviyyat olur. Şifahi xalq ədəbiyyatında – atalar sözlərində də  xalqımızın adət-ənənələrimizə bağlılığı ilə bağlı bir çox nümunələrə rast gələ bilərik:
Ağac kökləri ilə yaşar, insan dostları ilə.
Köksüz ağac tez yıxılar.
Ağac öz kökü üstə bitər.
Əslini danan namərddir.
Əslində olan nəslində olar.
Ağac kökündən su içər.
     Bu atalar sözlərindən də göründüyü kimi yalnız keçmişinə bağlı olanlar qələbə çalır.  Azərbaycan xalqı hər zaman öz keçmişinə, adət-ənənələrinə bağlılığı əsas tutub. Yalnız bu bağlılıq insanı, xalqı yıxılmaqdan qoruyur. Bu bağlılıq insanı  mənəvi baxımdan daha da güclü edir. Öz keçmişinə, soykökünə bağlı olan bir insanın, bir xalqın gələcəyi daha parlaq olur. Tarixin ən sərt burağanlarından belə sağ-salamat çıxmağı bacarırlar. Bunu ermənilərlə olan mübarizəmizdə də görə bilirik. Birinci Qarabağ müharibəsində hələ bu dünyaya göz açmamış oğullar İkinci Vətən müharibəsində öz canlarından belə keçməyə hazır oldular. Bu da onların Azərbaycanın tarixi keçmişinə, bu xalqın, millətin soykökünə bağlılığından irəli gəldi. Məhz otuz illik həsrətin sonunu qələbə ilə yekunlaşdırmağımızın əsasında da bu bağlılıq dayanır. Milli ruh, köklərə, adət-ənənələrə bağlılıq bu nağılın əsas qayəsidir. Belə məzmunlu nağıllar, hekayələr  Azərbaycan övladının mənəviyyatının, vətənpərvərlik ruhunun formalaşmasında böyük rol oynayır. Məhz bu kiçik hekayədə böyük məna yükü vardır.
     Müasir Azərbaycan uşaq ədəbiyyatının gənc nümayəndələindən olan Nurlana İşığa yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələmi ilə uşaqların körpə və saf ürəyinə, düşüncələrinə işıq salsın.
Yazdı: Cəvahir Tanrıverdi

 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum