QƏLƏM
Düşmədi əlindən qələm,
Yazdı-pozdu gecə - gündüz.
Həm elmə işıq saldı,
Həm şeirə çıraq tutdu.
Nəfəs verdi yeni sözə.
Tarixin izindən yazdı,
Torpağın səsindən yazdı,
Alovun közündən yazdı.
Abidələr onun üçün
Tarixin canlı səsiydi.
“Qorumaq lazımdır hər an
O canlı abidələri.
Onlar bizim irsimizdir,
Keçmişdən soraq gətirir,
Gələcəyə sirr ötürür.”-
Söyləyərdi çıxışında.
Ana necə balasının
Üstündə durub əsərsə,
Tarixi abidələrin
Üstündə elə əsərdi.
Ona laqeyd olanın
Üzərinə atılardı,
Aslan tək coşub – daşardı
O hər dəfə çıxışında.
Yazardı salnamə kimi,
Tarixi canlandırardı.
Düşməzdi qələm əlindən.
Könül oxşayan şeirlər,
Ürək yandıran nəğmələr
Yazardı o sətir – sətir.
Hərdən ölümdən yazırdı.
Unutmazdı o ölümü.
Düşünürdü:
“Qır–qızılı, var–dövləti,
Adı–sanı, çan–şöhrəti
Özümüzlə aparmırıq,
Qalacaqdır bu dünyada
Geyim-kecim, zər-ziba da.
Bircə öz cismim gedəcək
Bu dünyadan.”- söyləyərdi.
Düşündü ölümü hər an.
Qaçmadı o bu fikirdən.
Ölümü elə vəsf etdi,
Ölüm belə bir bu qədər
Ucalmadı.
Ölümü elə ucaltdı,
Elə vəsf eylədi, Allah,
Ölüm belə düşünməzdı
Bir bu qədər dəyərini.
“Uzun, incə bir yoldayım,
Gidiyorum gündüz-gecə.”-
Söylədi o nəğmə-nəğmə.
Düşmədi qələm əlindən.
Sanki, şeirləri ilə
Bütün taleyini yazdı.
Çərxi-fələk nələr yazdı?..
MİLLİ MƏCLİSDƏ SON ÇIXIŞ
Yenə məclis qurulubdur,
Hər kəs bir çıxış söyləyir.
Növbə çatdı Qənirəyə,
Əvvəl sakitcə başladı çıxışına:
“Mən burada
Səhiyyə nazir müavini
Görüb ondan soruşuram,
Nədir dərmanlarla bağlı
Bu qədər qiymət artımı?
Nədir dərmanlarda olan
Bu keyfiyyətsiz keyfiyyət?
Niyə axı millətimiz
Bir dərmançün
Sərhədləri aşıb keçir?
Qiymət yüksək,
Keyfiyyətsə aşağı.”
Sakit-sakit danışdıqca
Sualları yağdırır o.
Problemlər qaldırır o.
Davam edir sözlərinə:
“İnsanlar gedir həkimə,
Həkim ona resept yazır.
Yazılandan biri dərman,
Qalan – qida əlavəsi.
Nəyə lazım bu əlavə?
Qiyməti dəvə belində.
Qalır xəstə dərd əlində.
Bir bu məsələyə baxın.
Çox uzağa getməyirəm,
Bizim qardaş Türkiyədə
Dərman zavodları vardır.
Bəzisini yaradanlar
Can azərbaycanlılardır.
Dünyanın hər bir yerinə
Satışı var dərmanların.
Həm ucuz, həm keyfiyyətli.
Gəlin olaq bir diqqətli.
O zavodu burda açaq,
Buna şərait yaradaq.
Xeyir olsun həm bu xalqa,
Həm xeyir dəysin vətənə.”
Deyib təşəkkür eylədi,
Məclisdəkilər dinlədi.
ÖLÜMÜ VƏSF EDƏN QADIN
Ölümü vəsf edən qadın!
Fələyi kükrədən qadın!
Özün yazdın qələminlə
Öz alın yazını.
Əbədilik çəkir indi nazını.
Ölümü vəsf edən qadın,
Sən nələri vəsf etmədin?
Məğrurluğu, cəsarəti,
İnsanlığı, ədaləti.
Buraxmadın yaxınına ədavəti.
Sən nələri vəsf etmədin?
Qorxmazlığı, hünəri,
Qılınc tək kəsəri olan kəlmələri,
Şücaəti, mərhəməti, isməti.
Özün yazdın taleyində qisməti.
Hər an,
Hər an
Düşündün sən
Gül ömrünün bitişini,
Bu həyatın bir nöqtəylə vuruşunu.
Ölümü vəsf edən qadın.
Hanı indi Dəli Domrul,
Qılınc götürsün əlinə,
Çıxsın Əzrayıl önünə.
Geri qaytarsın gül ömrü.
Əvəzində min düşmənin,
Min yağının canın alsın.
Geri qaytarsın gül ömrü.
Ölümü vəsf edən qadın,
Ölümü vaxtsız çağırdın.
Biz kədərli,
Torpaq xoşbəxt.
Bizdə yasdır,
Torpaqda toy.
Gül-çiçəklə bəzənibdir
İndi torpaq.
Çünki,
Çünki sən ordasan.
Qucub səni qara torpaq,
O ağ günə çıxıb indi.
Biz kədərə boğulmuşuq.
Qəlbizmizi şeirlərlə ovutmuşuq.
SON
Düz səksən il ömür sürüb
Bu dünyada izi, tozu
Olmayanlarmı ağlasın?
Ömrünün qırx səkkizini
Bir tarix tək yaşayayanmı?
Bir ömürə sığmır bəzən
Qəlbdəki arzu-diləklər.
Qaçhaqaçda, qovhaqovda
Dörd tərəfə işıq saçan,
Ürəkaçan əməllərlə
Hər kəsin dadına çatan
Amma bir gün
Quş tək qanadlanıb uçan
Unudularmı, görəsən?..
Unudulmaz.
Unutmaz doğma el onu.
Adına nəğmələr qoşub
Yaşadacaq vətən onu.
Nağıllara, dastanlara çevriləcək,
Doğulacaq yenə, yenə Qənirələr.
O yolu tutub gedəcək.
Nə qədər ki, türk ruhu var,
Ölməz qorxmazlıq, cəsarət.
O ülviyyət, o məhəbbət
Dildən-dilə düşəcəkdir.
Babalardan, nənələrdən
Nəvələrə
Səslənən o nağıllarda
Biri varla biri yoxun
İçindən çıxacaq biri:
Səslənəcək:
“Biri vardır, biri yoxdur.
Selcan xatunun irsindən,
Burla xatun nəfəsindən
Gələn Asrlan Xatun vardır...”
Oktyabr, 2023
Not: Yazının I. bölümünü okumak için: https://www.tarihistan.org/yazarlar/cevahir-tanriverdi/ganira-pasayeva-nin-anisina-arslan-hatun-i/10881/
FACEBOOK YORUMLAR