EVİMİZDƏ BİR MASA
Mərhum professor Əzizxan Tanriverdiyə
Evimizdə bir masa
Üzərində dəftər, qələm,
“ Dədə Qorqud kitabı”,
Bir də su qabı.
O masanın ətrafında
Kitablarla dolu rəflər
Masaya dikmiş gözünü,
Saxlaya bilmir özünü,
Hər kitabdan yaş süzülür gilə - gilə :
“Haraya gedibdir belə
Bizə nəfəs verən insan?”
“ÇAL QILINCINI, XAN QAZAN.”
Susma, danış, Burla xatun,
Dillənsin bir Qanturalın, Aruz xanın.
Siz bilərsiz,
Hara gedib elmin Xanı?
Söyləyin, ey at belində
Qılınc oynadan ərənlər,
Qoç Koroğlu, sən də danış,
Səndən də yazmışdı axı.
Misri qılınc,
Aruzun polad qılıncı,
Sən də danış,
Sadaq, tirkeş,*
Hanı sizə can yandıran o cəfakeş?
Danışın, gəlsin səsiniz.
“DƏDƏ QORQUD KİTABI”NDA AT KULTU”:
Qırat, Dürat, Şahbaz at,
Büdrəməyən ağ – boz at,
“DƏDƏ QORQUD KİTABI”NDA DAĞ KULTU”:
Qazlıq dağı, Gögcə dağı,
Günortacı,
Danışın, gəlsin səsiniz.
Qələminin mürəkkəbi
Sizi yazdı, sizi çəkdi.
Gecələr sizə sıxındı Xan qələmi.
Təbrizindən Dərbəndədək,
Xəzərdən Egeydənizə
Qələmilə bir yol çəkdi.
Hər ağacın, hər çiçəyin,
Hər dağın, daşın, kəsəyin
Bu dünyaya göz açdığı gündən bəri
Türkün keçdiyi hər yolun
Tarixindən o söz açdı.
Siz söyləyin,
Bəs hardadır
Burlaxatunun nazını,
Dədə Qorqudun sazını,
Qazlıq dağın qış, yazını
Yazan insan?
Deyin, hanı?
O, dağların sinəsinə
Yoxluğuyla bir dağ çəkdi,
Misri qılınc coşdu yenə,
Qoç Koroğlu haray çəkdi.
Ah, nə fayda,
Səs gəlmədi...
Sükut çökmüş
Evimizdə bir masaya.
Üzərində dəftər, qələm,
“ Dədə Qorqud Kitabı”,
Bir də su qabı.
25.04.2020
Sadaq, tirkeş* - ox qabları
İri hərflələ dırnaq içərisində verilənlər professor Əzizxan Tanrıverdinin kitablarından kiçik bir qisminin adlarıdır.
FACEBOOK YORUMLAR