Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINDAN

01 Nisan 2023 - 12:10 - Güncelleme: 01 Nisan 2023 - 13:37

                                     CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINDAN

          Cənubi Azərbaycan dedikdə hal-hazırda İranın tərkibində olan qədim Azərbaycan torpaqları nəzərdə tutulur. Buraya Təbriz, Urmiya, Ərdəbil, Qəzvin, Zəncan, Xoy, Marağa kimi qədim Azərbaycan şəhərləri daxildir. Azərbaycan hər zaman söz-sənət ocağı hesab edilib.  Bu torpağın hər bir bölgəsindən olan qələm sahibləri ədəbiyyatımızın inkişafında xüsusi aparıcı qüvvəyə malik olmuşlar. Azərbaycan iki hissəyə parçalandıqdan sonra bu qələm sahibləri bir-biri ilə çox çətinliklə qarşılıqlı ədəbi yazışmalar aparmış, bu mümkün olmadıqda həsrətlərini şeirlərində əks etdirmişlər. Bu şairlərin qələmindən çıxan həsrət yüklü şeirlər bu gün də öz aktuallığını saxlayır. Yaradıcılıqlarında milli ruh, vətən niskili, azadlıq hissi əks etdirən şairlər, yazıçılar xalqımızın ürəyində böyük yer tutmuşlar.

           Cənubi Azərbaycan şairləri və yazıçıları: Aşıq Abbas Tufarqanlı, Əbülqasim Nəbati, Əli Tudə, Əssar Təbrizi, Hökumə Billuri, Xətib Təbrizi, Qətran Təbrizi, Mahmud Şəbüstəri, Məhəmməhüseyn Şəhriyar, Mirzə Əli Möcüz, Cavad Heyət, Səməd Behrəngi və basqaları.
            Aşıq Abbas Tufarqanlı Cənubi Azərbaycanda yaşamış görkəmli şair-aşıqlarımızdandır. Onun yaratdığı heca vəzni nümunələri aşıq sənətinin inciləri hesab edilir. Aşıq Abbas Tufarqanlının adı ilə bağlı olan “Abbas və Gülgəz” dastanı da epik növün dəyərli nümunələrindəndir:
Abbas ağlar zarı-zarı
Getməz könlünün qubarı.
İlqarindan dönən ya
Tanrı tezbazar eyləsin.
          Əli Tudə Bakıda dünyaya göz açsa da, əslən Ərdəbildən olmuşdur. Onun şeirlərində, əsasən, vətən mövzusu, milli ruh özünü əks etdirir. Məhz buna görə də 1938-ci ildə repressiya dövründə onu nənəsi ilə birlikdə İrana sürgün edirlər. Lakin o, ruhdan düşmür. Yaradıcılığına böyük sevgi davam edir. Əli Tudə enişli-yoxuşlu yaradıcılıq yoluna malik olan şairlərimizdən olmuşdur. Hətta, o, Cənubi Azərbaycanda başlayan azadlıq hərəkatına öz qələmi və yazıları ilə qoşulur. Şairə uğurlu bir yol da görünmüşdür. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Lakin o, ömrü boyu siyasi mühacir olaraq qalmışdır
 Ürək daş deyildir, bir parça ətdir,
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,  Mən o məhəbbətdən nişan gətirdim.

               Cənubi Azərbaycan şairlərindən biri də Hökumə Billuridir. O, Zəncanda dünyaya göz açsa da, müəyyən yaşdan sonra Şimali Azərbaycana üz tutdu. Onun şeirlərində ayrılıq həsrəti, Araz çayına , Təbrizə xitab, vətən həsrəti geniş vüsətdə öz əksini tapmışdır:
Qollarım dolana boynuna bir gün,
 Yenə baş qoyaram dizinə,Təbriz
 Həsrətdən hicradan cana doymuşam,
 Doyunca baxaram gözünə,Təbriz.
             Cənubi Azərbaycanda yaşayıb yaratmış, fəaliyyət göstərmiş şairlərimizdən biri də Mirzə Əli Möcüz olmuşdur. Onu Cənubi Azərbaycanın Sabiri də adlandırırdılar. Uşaqlıq illərində İstanbula köçən Möcüzün həyatında buradakı təhsilin xüsusi rolu olur. O burada Şərq ədəbiyyatını izləyir, dərin mütaliə ilə məşğul olur. Lakin sonralar öz vətəninə qayıdan şair buradakı geriliyə görə çox məyus olur. İstanbulda olan inkişafla buradakı həyatı müqayisə edərək ilk qələm nümunələrini ərsəyə gətirir. Öz düşüncəsini, fikrini şeirlərinə köçürür. Sabiri sevə-sevə oxuyan şairin şeirlərinə də Sabir düşüncəsi, tərzi təsirsiz ötüşmür. Buna görə də onu Cənubi Azərbaycanın Sabiri adlandırırlar.
      Duanәvisdә kәşfü kәramәt axtarma,
      Buyur hәmamә vә lakin nәzafәt axtarma!
İtin sәdaqәti var, qoy yanında gövduşi,
Pişik yalançıdı, onda sәdaqәt axtarma.
Biri deyә: Oxuma, yazma, getmә mәdrәsәyә;
Onun sözündә-bezindә lәyaqәt axtarma.
Edib xәrab tütün tüstüsü onun beynin,
Çubuq çәkәn qafalarda fәrasәt axtarma.
       Cənubi Azərbaycanda Təbriz şəhərində  göz açan ədib, doktor, türkoloq Cavad Heyət də elmə xüsusi töhvələr vermişdir. O, Təbrizdə ilk təhsilini almışdır. Avropa ölkələrində isə ali təhsil almaq istəsə də, atası buna icazə verməmişdir. Lakin yenə də ali təhsilini xarici ölkədə almaq istəyən Cavad Heyət bu istəyindən dönmür. İstanbula gedən ədib burada dünyagörüşünü formalaşdırır. Tibb fakültəsində təhsil alır. İlk açıq ürək əməliyyatı keçirən həkim kimi tarixə düşür. Onun üç cildlik cərrahiyyəyə dair farsca yazmış olduğu kitab cərrah-həkimlərin stolüstü kitabları olmuşdur.
        Cavad Heyət yalnız həkimliklə kifayətlənmir. Türkologiya, milli folklor, ədəbiyyata  da yeniliklər gətirmiş, bu yolda da müəyyən araşdırmalar aparmışdır. Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarını qələmə almışdır. 
Doktor Cavad Heyət Türkiyə ilə İran arasında mədəni əlaqələrin yaranmasında və inkişafında mühüm rolu olan şəxsiyyətlərdən olmuşdur. 
Cavad Heyət Bakıda vəfat etmişdir. Onu ikinci Fəxri Xiyabanda dəfn etmişlər.

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum